AZ

Orban: Macarıstan Ukraynadakı münaqişə gərginləşsə belə, ondan kənarda qalacaq

Macarıstan Ukraynada hərbi münaqişənin genişlənməsi və onun Avropaya sıçrama ehtimalını etiraf edir, lakin istənilən halda bu prosesdən uzaq qalmaq niyyətindədir.

Operativ Media xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Azad Universitet və yay tələbə düşərgəsində çıxışı zamanı bildirib.

"Əgər müharibə başlayarsa, biz ona qarışmamalıyıq", – deyə hökumət başçısının çıxışını M1 telekanalı yayımlayıb.

Orban Macarıstanın “müharibədən kənarda qalmasına” imkan verəcək bir sıra şərtləri də sadalayıb. Onun sözlərinə görə, ilk növbədə, “toxunulmazlıq” təmin edilməli və dünyanın bütün əsas güc mərkəzləri ilə yaxşı münasibətlər saxlanılmalıdır. Paradoksal olaraq, Macarıstanın ABŞ, Rusiya, Çin, Hindistan və Türkiyə ilə yaxşı münasibətləri olsa da, Avropa İttifaqının Brüsseldəki liderləri ilə əlaqələri zəifdir. Orban bu barədə danışarkən bildirib ki, "hazırkı Macarıstan hökumətinə Brüsseldə uğur arzulamırlar".

İkinci şərt kimi Orban Macarıstanın silahlı qüvvələrinin və hərbi sənayesinin inkişaf etdirilməsini, bununla da ölkənin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsini qeyd edib. Üçüncü şərt isə “böhranlara davamlılıq” – sənaye, enerji, kənd təsərrüfatı və rəqəmsal texnologiyaların sabit və effektiv fəaliyyətinin təmin olunmasıdır.

Bundan əlavə, baş nazir insan resurslarının inkişafını, təhsil sisteminin təkmilləşdirilməsini və iqtisadi neytrallığın qorunmasını vacib amillər kimi göstərib. O, həm Qərbdəki müttəfiqlərlə, həm də Şərqdəki tərəfdaşlarla işgüzar münasibətlərin qurulmasının bu neytrallığın əsasını təşkil etdiyini bildirib.

Orban ümid edir ki, bu yanaşma, hətta ölkənin sərhədlərinə yaxın ərazilərdə hərbi münaqişə davam etdiyi şəraitdə belə, Macarıstanda siyasi sabitliyin qorunub saxlanmasına imkan verəcək.

Seçilən
53
operativmedia.az

1Mənbələr