Zəngəzur dəhlizi ətrafında son proseslərdən, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda verdiyi açıqlamalardan və İspaniyanın nüfuzlu "Periodista Digital" nəşrinin nəqliyyat xətti ilə bağlı səs-küylü iddiasından sonra mövzu İranda yenidən fəal şəkildə müzakirə olunmağa başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan süjetdə bəhs edilir.
Bildirilir ki, ölkənin daxilində və xarici əlaqələrində ciddi problemlərin olmasına baxmayaraq, dəhlizlə bağlı hər gün dərc olunan çoxsaylı məqalələr və müxtəlif ekspertlərin çıxışları belə təəssürat doğurur ki, sanki İranın taleyi Zəngəzurda həll olunur.
SEPAH-a bağlı "Fars" informasiya agentliyi elə belə də yazıb: "Zəngəzur dəhlizi İran üçün sadəcə nəqliyyat yolu deyil, əslində həyati bir məsələdir".
Hətta rəsmi İrəvanın İspaniya nəşrinin yaydığı məlumatı təkzib etməsi də aranı sakitləşdirməyib:
"Həmin məlumat kontekstində bilavasitə İran hakimiyyətinə bağlı media resursları "təhlükə zəngi" ifadəsinin yer aldığı başlıqla çoxsaylı yazılar dərc etməyə davam ediblər. Diqqəti çəkən məqam budur ki, həmin yazılar içərisində təhlükənin böyüklüyünü qabartmağa və bir növ ehtirasları coşdurmağa xidmət edən konspiroloji yanaşmalar əksəriyyət təşkil edir və bütövlükdə Zəngəzur dəhlizi İrana qarşı qəsd kimi qələmə verilir.
İddia olunur ki, bu layihənin məqsədi İranı mühasirəyə almaq, onun geosiyasi boğulmasına nail olmaq, son nəticədə ölkənin ərazi bütövlüyünə qəsd edərək onu parçalamaqdır. Bu yanaşmada ilk növbədə işin arxasında İsrailin durduğu bildirilir və İran əleyhinə planlarda guya onun əsas müttəfiqi kimi Azərbaycan hədəfə alınır. Ümumiyyətlə, belə görünür ki, Zəngəzur dəhlizi mövzusundan İranda anti-Azərbaycan təbliğatın "təndirini isti saxlamaq" üçün sui-istifadə olunur və rəsmi Bakıya ünvanlanan çeşidli böhtanların formalaşdırdığı isterik atmosferdə hətta hərbi addımlar atılmasına da çağırışlar edilir".
Ətraflı süjetdə: