AZ

"Putinistin Şuşada özünü yad adam kimi hiss etməsi təsadüfi deyil" - Hikmət Cavadov

 
"Sergey Markov Azərbaycanda öz yerini tapa bilmədi, Rusiyada isə üzərinə çirkap töküldü..."
 
"Çətin və gözdən-könüldən uzaq sovet artistinin həyatı" - bu deyim SSRİ dövründə məşhur idi. Əslində isə burada sıravi bir bayan ifaçısının miskin taleyindən bəhs olunurdu".
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna azərbaycanlılarının Birləşmiş Diaspor Təşkilatının rəhbəri Hikmət Cavadov "gordonua.com" nəşrindəki bloqunda yazıb.
 
Müəllif yazır: "Qanlı imperiyanın dağılmasına nostalgiya ilə yanaşan Rusiya diktatoru Vladimir Putin öz çevrəsində də belə bir "siyasi artistlər" təbəqəsi yaradıb. Bu biabırçı putinistlərin də həyatı, göründüyü kimi, həm çətindir, həm də rəzil.
 
Bunu öz dərisində hiss edənlərdən biri də rusiyalı siyasi şoumen, Ukraynaya qarşı müharibənin təbliğatçısı Sergey Markovdur. Moskvada oturaraq dövlətlərin ərazi bütövlüyünü vecinə almayan və öz qanlı ölkəsinin işğalçı siyasətini tərifləyən Markov təəccüblü şəkildə vaxtaşırı Azərbaycana da səfərlər edir, halbuki Azərbaycan özü də 20 faiz torpağının işğalını yaşamış bir ölkədir.
 
Məlum olduğu kimi, Ermənistan uzun illər ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayıb və bu, Rusiya Federasiyasının siyasi və hərbi dəstəyi ilə mümkün olub. Elə buna görə də Rusiya bu gün də Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı nəticəsində suverenliyini bərpa etməsinə hələ də həzm edə bilmir.
 
Kreml Azərbaycan üzərində təsir alətini itirib və bu hal indi daha aydın şəkildə hiss olunur - Bakı ilə Moskva arasında münasibətlər gərginliyin pik həddindədir. Səbəb isə aydındır, bu, Kremlin imperialist, təkəbbürlü davranışlarıdır. Onlar AZAL-a məxsus, Bakı-Qroznı marşrutu ilə uçan "Embraer 190" sərnişin təyyarəsinin vurulmasına görə nəinki üzr istəmədilər, əksinə, məsuliyyətdən yayınmağa çalışdılar. Hadisə nəticəsində 67 nəfərdən 38-i, o cümlədən iki pilot və bir bələdçi həyatını itirib.
 
Prezident İlham Əliyev dərhal və açıq şəkildə məsuliyyəti Rusiyanın üzərinə qoydu. O, ədalətin və günahkarların cəzalandırılmasının vacibliyini vurğuladı. Azərbaycan tərəfinin əlində sübutlar var ki, AZAL-ın təyyarəsi Rusiyaya məxsus "Pantsir-S" hava hücumundan müdafiə kompleksi tərəfindən vurulub. Hətta konkret təqsirkar şəxsin adı belə Rusiya tərəfinə təqdim edilib. Amma Kreml yenə də susur.
 
Daha da irəli gedərək, azərbaycanlılara qarşı təzyiqlərə start verilib: Səferov qardaşlarının ölümünə, onlarla həmvətənimizin döyülməsinə və təhqir olunmasına gətirib çıxaran bu siyasət birbaşa göstərişlə həyata keçirilib. Halbuki Azərbaycanda nə etnik ruslara, nə də ölkəni ziyarət edən rusiyalılara qarşı hansısa aqressiya yoxdur. Cavab isə sərt və dəqiq oldu - "jurnalist" adı altında ölkəyə sızan rus agenturası ifşa edildi.
 
Bu fonda Sergey Markovun Şuşaya - Qlobal Media Forumuna gəlməsi isə sözün əsl mənasında "komediya"ya çevrildi. Burada o, prezident İlham Əliyevin ukraynalı jurnalist Dmitri Qordonun sualına cavab olaraq "Ukrayna heç vaxt öz torpaqlarının işğalı ilə barışmamalıdır" fikrini eşitdi. Həmin görüşdə prezident ukraynalı müxbir Alona Kurbanovanın təqdim etdiyi Ukrayna Silahlı Qüvvələrinin şevronlarını da qəbul etdi.
 
Markov həmçinin Azərbaycan cəmiyyətinin və medianın ümumi əhval-ruhiyyəsini də gördü: işğalı yaşamış bu xalq bütünlüklə Ukraynanın yanındadır. Və beləcə, işğaldan azad edilmiş Şuşada keçirilən bu həyat bayramında Markov özünü tamamilə yad hiss etdi. Ən istehzalısı isə Rusiyada onu "layiqincə" qarşılanması oldu - yerli mediadakı həmkarları tərəfindən çirkaba bulaşdırıldı. "Hara uçursan, Serqo?! Sən necə başa düşmədin ki, Azərbaycan artıq Rusiya üçün "qeyri-dost" dövlətdir?" - deyə onu hədəfə aldılar.
 
İndi Markov durmadan özünü haqlı çıxarmağa çalışır, amma bu cəhdlər həm mənasız, həm də acizdir. Çünki həm "balığı yemək", həm də "cərimədən qaçmaq" olmur. Markov özü də yaxşı bilir ki, Hitler Almaniyasını xatırladan bir ölkənin təbliğatçısı olmaq nə deməkdir. Hər şeyi anlayır. Və elə buna görə də bu siyasi oyunbaz üçün heç bir təəssüf hissi keçirmirəm. Çünki hər bir putinistin həyatı keçmişdə də, indi də və gələcəkdə də həm ağır, həm də miskin olacaq".
Seçilən
55
moderator.az

1Mənbələr