AZ

Embarqoya baxmayaraq bir milyardlıq "Nvidia" çipi Çinə necə daxil olub?

ABŞ hökumətinin sərtləşdirdiyi ixrac nəzarətinə baxmayaraq, yüksək səviyyəli "Nvidia" çipləri Çinə qeyri-rəsmi yollarla çatdırılır. Xüsusilə "Nvidia"nın B200 modeli bu qaçaq ticarətin mərkəzində yer alır. 

Valyuta.az-ın məlumatına görə, "Financial Times"ın araşdırmasına əsasən, bu çip süni intellekt sistemlərinin işlənməsi üçün kritik önəm daşıyır və ABŞ tərəfindən Çin üçün satışı qadağan olunmuş məhsullar siyahısındadır.

FT-nin əldə etdiyi sənədlər və adı açıqlanmayan mənbələrin məlumatına görə, üçüncü tərəf server operatorları, aracı firmalar və hazır server rafları bu qeyri-qanuni tədarük şəbəkəsinin əsas elementləridir. B200 çipi ilə yanaşı, H100 və H200 modelləri də bu çip axınında mühüm rol oynayır. ABŞ-ın ixrac üçün icazə verdiyi H20 modeli isə texniki baxımdan daha zəifdir və böyük layihələr üçün kifayət etmir.

FT-nin sahədə olan müxbirlərinin müşahidələrinə əsasən, bu çiplərə olan yüksək tələbat Çində alternativ və qeyri-rəsmi tədarük yollarının formalaşmasına səbəb olub.

"Nvidia" məsələ ilə bağlı verdiyi açıqlamada, çiplərinin alternativ məqsədlərlə istifadə edildiyinə dair sübutlara malik olmadıqlarını bildirib. Şirkət həmçinin qeyd edib ki, qeyri-rəsmi yollarla qurulan server mərkəzləri texniki və iqtisadi baxımdan dayanıqlı deyil və yalnız rəsmi sertifikatlı məhsullara texniki dəstək göstərildiyini vurğulayıb.

FT-nin yayımladığı fotolarda Supermicro və ASUS kimi tanınmış markaların logoları olan server sistemlərinin Çin sosial şəbəkələrində reklam edildiyi görünür. Bu şirkətlər, məhsullarının necə “qara bazar”a düşdüyü barədə məlumatlarının olmadığını bildiriblər. Onların birbaşa qeyri-qanuni ticarətə qarışdıqları ilə bağlı konkret bir ittiham isə yoxdur.

Araşdırmada qeyd olunur ki, Tailand və Malayziya kimi Cənub-Şərqi Asiya ölkələri Çinli alıcılar üçün yeni tranzit nöqtələrinə çevrilib. İddiaya görə, ABŞ-ın ixrac nəzarətindən yayınmaq məqsədilə bu ölkələr üzərindən yüksək səviyyəli server avadanlıqları Çinə göndərilir.

Bu tendensiya ABŞ Ticarət Nazirliyinin diqqətindən yayınmayıb. Hazırda Tailand və Malayziya kimi ölkələrə də çip ixracına əlavə məhdudiyyətlər qoyulması ehtimalı müzakirə olunur.

Paşa Məmmədli

Seçilən
66
valyuta.az

1Mənbələr