22.07.2025-ci il tarixində 35 yaşlı şəxs (kişi cinsli) elektrik mişarı travması nəticəsində üz nahiyəsində, alt və üst göz qapaqlarında və üzün bir hissəsində çoxsaylı kəsik xəsarətləri ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib.
"Medicina" xəbər verir ki, xəstənin vəziyyəti nəzərə alınaraq ona dərhal plastik və rekonstruktiv əməliyyat təyin olunub və əməliyyat KTM-in oftalmoloq-cərrahı Gülnar Sultanova tərəfindən həyata keçirilib.
Əməliyyat zamanı qaş nahiyəsində dərialtı toxumalarda qalmış dəmir parçaları çıxarılıb, alt göz qapağının qopmuş hissəsi tikilərək əvvəlki vəziyyətinə qaytarılıb, qaşın qopmuş hissəsi yerinə tikilərək estetik və funksional görünüş bərpa edilib. Göz qapağı anatomik vəziyyətinə qaytarılıb və əməliyyat uğurla tamamlanıb.
Hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir və ambulator müalicə üçün evə buraxılıb.
MEDİCİNA.AZ