AZ

Uğurlu debütant: “Müqavilə imzalayandan sonra təkliflər gəldi” - MÜSAHİBƏ

Qırğızıstanın “Ozgon” klubunun hücumçusu Orxan Əliyevin Futbolinfo.az saytına müsahibəsi

– Karyeranızı Qırğızıstanda davam etdirirsiniz. “Ozgon” klubuna keçidiniz necə alındı, qərar verərkən kiminlə məsləhətləşdiniz? Azərbaycanda qalmaq variantınız yox idi?

– Belə bir təklif gəldi. Mən də öz menecerim və dostum Qvanzav Maqomedovla danışdım, məsləhətləşdim və təklifi qəbul etməyə qərar verdim. Azərbaycandan da təklif var idi, amma özüm qalmaq istəmədim. “Ozgon”la müqavilə imzalayandan sonra ölkəmdən yeni təkliflər də gəldi, amma artıq gec idi.

– Yeni klubunuzla müqaviləniz cəmi 6 aylıqdır. Bu nə ilə əlaqədardır? Qırğızıstanda uzun müddət qalmaq istəmirsiniz?

– Çünki Qırğızıstanda mövsüm noyabrda bitir. Müqavilənin 6 aylıq olmasını özüm istədim. Uzunmüddətli sözləşməyə razılıq vermədim.

– Yeni klubunuzda debütünüz uğurlu alındı və “Asiagoal”la çempionat matçında (2:0) qol hesabınızı da açdınız…

– Debüt oyunumda qol vurduğum üçün şadam. Çalışacağam ki, növbəti matçlarda da fərqlənərək komandaya faydalı olum.

– Ötən mövsümün yarısında Kurban Berdıyevin istəyi ilə “Turan Tovuz”a transfer olunmuşdunuz. Tovuz klubundakı karyeranızın qısa çəkməsinin səbəbi nə oldu?

– Futbolda belə şeylər olur. “Turan Tovuz”da az oynadım, bu da mənə pis təsir etdi. Çünki futbolçu oynamayanda formadan düşür. Kurban Berdıyevlə görüşüb danışdım, məsləhətləşdim. O, komandada qalmağımı istədiyini dedi. Amma mən belə bir qərar verdim. Berdıyev sağ olsun, məni başa düşdü.

– İlin sonunadək şəxsi hədəfləriniz nədən ibarətdir? Qarşınıza hansı məqsədi qoymusunuz?

– Daha yaxşı performans göstərmək istəyirəm. Məqsədim var və yavaş-yavaş ona doğru gedirəm.

– Son vaxtlar azərbaycanlı futbolçuların Qırğızıstana axınına şahidlik edirik. Sizdən öncə Mirabdulla Abbasov və İlkin Muradov da bu ölkəyə yollandı. Qırğızıstan variantını üstün tutmaq təklifin maddi baxımdan sərfəli olması ilə əlaqədardır, yoxsa bu, məcburiyyətdən atılmış addımdır?

– Bəli, Mirabdulla və İlkin də hazırda burada oynayırlar. Onlara da uğurlar arzulayıram. Şəxsən öz adıma deyim ki, Qırğızıstandan yaxşı təklif gəldi və bu təklifi qəbul etdim.

– Qırğızıstan çempionatı bizim Premyer Liqadan nə ilə fərqlənir?

– Burada onu bəyəndim ki, komandaların sayı ildən-ilə artır. Bu da Qırğızıstan futbolu üçün çox yaxşı haldır. Keçən il liqada 10 komanda çıxış edirdisə, bu il 14 komanda mübarizə aparır, gələn il isə bu say 16 olacaq. Futbolu sevirlər. Qırğızıstanda hər bir komanda üçün baza və stadion tikilir.

İdman.biz

Seçilən
30
idman.biz

1Mənbələr