AZ

Azərbaycanda dövriyyədə olan pul kütləsi artır: Görün hansı risklərlə üz-üzəyik

Son illərdə Azərbaycanda dövriyyədə olan pul kütləsinin həcmi ilə bağlı rəqəmlər diqqət çəkir. Ötən il dövriyyədə olan kağız və metal pullar 130 milyon 896 min manat artıb. Son vaxtlar dövriyyədəki pul kütləsinin davamlı artmasını müşahidə edirik. Bu, el dilində yanaşıldıqda nə deməkdir? Dövriyyədə olan pul kütləsinin artımı vətəndaşlar və banklara nəsə vəd edirmi?

Nağd pula tələbat yaranır...

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, bazarda pul kütləsinin artmasını şərtləndirən müxtəlif faktorlar var. Bunlardan biri zaman keçdikcə pulun dəyərsizləşməsidir: “Eyni dövriyyənin həyata keçirilməsi üçün daha böyük məbləğdə vəsaitə ehtiyac duyulur. Bu da pul kütləsinin artmasını zəruri edir. Məsələn, ötən il bir kiloqram yağa 17 manat xərcləyirdinizsə, bu il 24 manat ödəyirsiniz. Bu zaman dövriyyəyə daha çox vəsaitin buraxılmasına ehtiyac yaranır”.

R.Həsənov bildirdi ki, pul dövriyyəsini artıran digər məqam hazırkı dövrdə nağdsız dövriyyənin populyarlaşmasıdır: “Bəzən bu, nağdsız dövriyyənin miqyasının dəyişməsi ilə bağlı olur. Nağdsız dövriyyə azalır, nağd pula tələbat artır. Buna qeyri-qanuni fəaliyyətlər, infrastruktur çatışmazlıqları səbəb ola bilər. Bu zaman dövriyyədə olan pul artırılır, yeni pulların çap olunmasına zərurət yaranır”.

Müsahibimizin sözlərinə görə, pul kütləsi həm də dövlət xərcləmələri çoxaldığı zaman artır: “Bu, Mərkəzi Bank yumşaq monetar siyasət həyata keçirdikdə ortaya çıxır. Bu zaman hökumətlər və mərkəzi banklar pul kütləsini inflyasiya, iqtisadi böyümə hədəflərinə uyğunlaşdırırlar. Bəzi hallarda durğun iqtisadi dövrlərdə hökumətlər pul kütləsini artırmaqla iqtisadi aktivliyi dəstəkləməyə çalışırlar. Bu da iqtisadiyyatda geniş istifadə olunan metodlardandır”.

Hesablarımızdakı vəsaitlərə təsiri yoxdur

İqtisadçı bu artımın vətəndaşlara təsirinə də toxundu: “Pul kütləsinin artmasının insanların hesablarında olan vəsaitlərə birbaşa təsiri yoxdur. Yalnız bu prosesdən iqtisadi mənfəət əldə edən subyektlərə münasibətdə onların daha çox gəlir əldə etməsi halı ortaya çıxır. Pul kütləsinin artması o demək deyil ki, vətəndaşların vəsaiti artıb. Əgər pul kütləsi artırsa, bunun səbəblərindən asılı olaraq, müəyyən nəticələr ortaya çıxa bilər. Məsələn, pul kütləsi dövlət xərcləri hesabına artırsa, onun bir qismi sosial xərcləmələrə yönəldilir. Məsələn, müavinətlər, təqaüdlər, əməkhaqları şəklində. Belə olanda, vətəndaşlar büdcədən faydalanmaq imkanı qazanırlar”.

R.Həsənovun fikrincə, pul dövriyyəsinin artımı heç də həmişə yaxşı nəticələnmir: “Bu artım investisiya layihələrinin həyata keçirilməsinə yönəldilə bilər. Bu zaman biznes subyektləri üçün faydalı olacaq. Əgər monetar ekspansiyadan söhbət gedirsə, Mərkəzi Bank tərəfindən bazarda pul kütləsinin artırılması siyasətidirsə, bu halda vətəndaşların daha çox borclanması üçün şərait formalaşır. Bu vəsaitlər bazarda vətəndaşların daha rahat borclanması mühitini formalaşdırmaqla onların borc yükünün artmasına gətirib çıxaracaq bir vəziyyətlə nəticələnir. Amma həmin borclar iqtisadiyyatda xərclənir. Bu da iqtisadiyyatı hərəkətə gətirir, aktivliyi artırır. Bundan biznes, əmək bazarı iştirakçıları faydalanırlar. Pul kütləsinin bazarda artması sabit şəraitdə, digər iqtisadi faktorlar dəyişmədiyi halda baş verirsə, bu, inflyasiyanın artımı ilə nəticələnə bilər. İnflyasiya istiqamətində təzyiqlər formalaşır”.

Seçilən
93
5
publika.az

5Mənbələr