Son illərdə Azərbaycanın xarici borcunun azalması fonunda daxili borcun kəskin artımı qeydə alınıb
Azərbaycanın dövlət borcunda bu ilin əvvəlindən müşahidə olunan azalma davam edir. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, 2025-ci il iyulun 1-də Azərbaycanın cəmi xarici və daxili borcu 25 milyard 695 milyon manat təşkil edib. Cəmi borcun təqribən 17 milyard 177 milyon manatı daxili, 5 milyard 10.7 milyon ABŞ dolları (8 milyard 518.19 milyon manat) isə xarici borcun payına düşür. Ölkənin cəmi borcu bu ilin əvvəli ilə müqayisədə 6.2 faiz və ya 1 milyard 684.6 milyon manat azalıb.
Azalma həm daxili, həm də xarici dövlət borcunun məbləğində qeydə alınıb. Belə ki, yanvarın 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 5 milyard 160 milyon dollar olmuşdu. Beləliklə, ötən 6 ay ərzində borcun məbləği 149,3 milyon dollar azalıb.
Əsas azalma daxili borcda qeydə alınıb. Belə ki, ilin əvvəlində daxili dövlət borcunun məbləği 18 milyard 659,7 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, ötən dövrdə daxili borc 1 milyard 482,7 milyon manat azalıb.
Qeyd edək ki, son illərdə Azərbaycanın xarici borcunun azalması fonunda daxili borcun kəskin artımı qeydə alınıb. Daxili borcun artmasında 2023-cü ildə Beynəlxalq Bankın toksik aktivlərinə görə Aqrarkredit QSC-nin 9,3 milyard manatlıq borcunun dövlətin öz üzərinə götürməsi mühüm rol oynayıb. Bu qərar və Maliyyə Nazirliyinin istiqrazları nəticəsində dövlətin daxili borcu 2023-cü ildə 4,2 milyard manatdan 16 milyard manata qədər yüksəlib. Maliyyə Nazirliyinin həyata keçirdiyi daxili borclanma hesabına xarici borcun azaldılması, həmçinin büdcə kəsirinin bağlanması siyasəti 2024-cü il ərzində daxili dövlət borcunu 16,6 milyard manatdan 18,1 milyard manata qədər artırıb. Bu artım Hesablama Palatası tərəfindən davamlı tənqid olunub. Palata hesab edirdi ki, yüksək neft-qaz qiymətləri, həmçinin qeyri-neft-qaz sektorundan vergi gəlirləri artdığı, büdcədə profisit yarandığı dövrdə bahalı daxili borclanma ilə nisbətən ucuz xarici borcların ödənməsi dövlət büdcəsinin üzərində əlavə maliyyə təzyiqi formalaşdırır.
Palatanın bu mövqeyi 2025-ci ilin əvvəlindən nəzərə alınmaqdadır. Ötən 7 aya yaxın müddətdə Maliyyə Nazirliyi nəinki yeni istiqrazlar yerləşdirməyib, əksinə, fevralın 25-də 4 istiqrazın vaxtından əvvəl alınmasını həyata keçirib. Həmin gün “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0201040208, AZ0201040240 və AZ0201040265 ISIN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçirilib. İnvestorlar tərəfindən sözügedən ISIN kodlu dövlət istiqrazları üzrə ümumilikdə 27,0 milyon manat məbləğində sifarişlər təqdim edilib və Maliyyə Nazirliyi tərəfindən həmin sifarişlər üzrə ümumilikdə 18,2 milyon manat məbləğində dövlət istiqrazları vaxtından əvvəl geri alınıb.
Daxili borclanmanın artması dövlət büdcəsindən dövlət borcuna xidmət xərclərinin də artmasına səbəb olur. 2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin 2 milyard 399,6 milyon manat məbləğində olması nəzərdə tutulub. Maliyyə Nazirliyinin məlumatına əsasən, cari ilin birinci yarısında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 328,7 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 698,8 milyon manat olmaqla (əsas borc üzrə 498,5 milyon manat, faiz borcu üzrə 200,3 milyon manat), ümumilikdə 1027,5 milyon manatın ödənilməsi təmin edilib.
Nazirliyin açıqladığı ortamüddətli büdcə çərçivəsinə əsasən dövlət borcuna xidmətlə bağlı xərclər 2026-cı ildə 2 milyard 626,9 milyon manat məbləğində proqnozlaşdırılır. 2026-cı il üzrə dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclərin 1 milyard 497,1 milyon manatını xarici dövlət borcu üzrə xərclər, o cümlədən 919,5 milyon manatını əsas borc ödənişləri, 577,6 milyon manatını faiz xərcləri təşkil edir. Daxili dövlət borcuna xidmət üçünsə gələn ilin büdcəsində 136,8 milyon manat əsas, 993,0 milyon manat məbləğində isə faiz xərcləri proqnozlaşdırılır.
Daxili dövlət borcu üzrə faiz xərclərinin bu qədər yüksək olması Hesablama Palatasının yanaşmasının doğru olduğunu göstərir. Bu, eyni zamanda Maliyyə Nazirliyinin daxili borclanmanı dayandırmasının doğru qərar olmasından xəbər verir.
Azərbaycanın xarici borcunun səviyyəsinin ölkə ÜDM-nə nisbətinin dünya üzrə orta göstəricidən kəskin aşağı olması dövlətin ehtiyacları üçün növbəti mərhələlərdə xarici borclanma üçün geniş imkanlar formalaşdırır. Əslində ölkə prezidentinin də bir neçə dəfə qeyd etdiyi kimi, Azərbaycanın bütün xarici borcları bir gündə bağlamaq imkanı var. Lakin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq münasibətlərinin saxlanması, bir çox hallarda kredit hesabına icra olunması daha əlverişli olan layihələr üçün onlardan borclanma iqtisadi baxımdan ölkə üçün daha böyük avantajlar yaradır, nəinki tam borcsuz olmaq. Buna görə də qəbul olunmuş ortamüddətli büdcə çərçivəsinə görə, dövlət büdcə kəsirinin maliyyələşdirilməsi üçün daxili borclanmanın ciddi şəkildə azaldılması siyasəti davam etdiriləcək. Belə ki, 2024-cü ildə kəsirin maliyyələşməsində daxili borclanmanın payı 64,5 faiz olubsa, 2025-ci ildə bu göstərici 58,2 faizə, 2026-cı ildə 45,1 faizə, 2027-ci ildə 40,8 faizə, 2028-ci ildə 37,1 faizə, 2029-cu ildə isə 25,4 faizə endiriləcək. Əvəzində büdcə kəsirinin maliyyələşdirilməsində layihə maliyyələşdirilməsi üzrə cəlb olunan xarici kreditlərin payı 2024-cü ildəki 10,5 faizdən 2029-cu ildə 53,6 faizə yüksələcək.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli 3702 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi” ilə müəyyən edilən hədəflərə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2023-cü il tarixli 4021 nömrəli Sərəncamı ilə dəyişikliklər edilərək 2025-ci ilin sonunadək dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30,0 faizdən aşağı səviyyədə saxlanılması, bu zaman xarici dövlət borcunun 10,0 milyard ABŞ dollarını üstələməməsi kimi hədəflər müəyyən edilib. 2025-ci il 1 yanvar tarixinə dövlət borcunun ÜDM-ə nisbəti 21,7 faiz təşkil edib ki, bu da büdcə qaydasının ortamüddətli dövr üzrə dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı hədd göstəricisindən 8,3 faiz bənd azdır. Bununla da strategiyada nəzərdə tutulan dövlət borcunun ÜDM-ə nisbətinin 30,0 faizlik yuxarı həddi gözlənilmiş olub: “Dövlət borcunun idarə edilməsi strategiyasının icrasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi, habelə daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsi hesabına dövlət büdcəsi kəsirinin bağlanmasına vəsaitin yönəldilməsi nəticəsində daxili dövlət borcunun səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda daxili maliyyə bazarında likvidliyin daralması əlavə borc vəsaitlərinin cəlb edilmə imkanlarını məhdudlaşdırıb. Qeyd olunanlarla əlaqədar olaraq, növbəti dövr ərzində dövlət borclanmasının əsasən beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində layihə maliyyələşdirilməsi vasitəsilə həyata keçirilməsinə üstünlük verilməsi nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən olunmuş bir sıra prioritet sahələr, o cümlədən nəqliyyat sektoru, özünüməşğulluq və sosial müdafiənin gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara başlanılıb və qeyd olunan bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə 2024-2025-ci illər ərzində kredit müqavilələri imzalanaraq təsdiq edilib”.
Bu ilin ilk yarısında müəyyən olunmuş bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara artıq başlanıldığından, imzalanacaq borc sazişləri üzrə cəlb olunacaq kredit və sairlərin kəsirin maliyyələşmə mənbəyində payının artmasını şərtləndirəcək: “Yeni makro-fiskal çərçivənin tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş hədəflərə uyğun olaraq uzunmüddətli dövrdə daxili və xarici borclanma təsdiq edilmiş limitlər çərçivəsində istifadə ediləcək. Bu hədəfin təmin edilməsi üçün dövlət qiymətli kağızlarının və istiqrazlarının emissiyası ilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanılması davam edəcək”.
Növbəti dövr ərzində də beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində prioritet layihələrin maliyyələşdirilməsi üçün kredit vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. 2025-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 29,0 milyard manat səviyyəsinə və ya proqnozlaşdırılan ÜDM-in 22,2 faizinə çatacağı gözlənilir. Ortamüddətli (2026-2029-cu illər) dövrün sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 32,7 milyard manat səviyyəsinə çatacağı və 2029-cu il üzrə proqnozlaşdırılan ÜDM-in 20,1 faiz səviyyəsində olacağı nəzərdə tutulur. /musavat.com/