AZ

Klinikalar süni mayalanma əməliyyatını da çəkib paylaşırlar - "Medipoint"də baş verənlər...


Pərvanə Mustafayeva: “Əməliyyat otağına xüsusi icazəsi olan şəxs daxil ola bilər, başqaları yox”

Bir neçə gün öncə “Baylarsoylar” adı ilə tanınan bloger Arifə Məmmədova “Medipoint” adlı klinikada süni mayalanma əməliyyatına girərək həmin anları sosial şəbəkə hesabında yayımlayıb.

Görüntüdə bloger Arifə Məmmədovanın süni mayalanma əməliyyatı zamanı həkimlərlə bərabər otağa çəkiliş qrupu ilə birlikdə girdiyi, proses boyunca orada olması yer alıb.

Qeyd edək ki, dünyanın istənilən ölkəsində əməliyyat otağına bloger yox, yalnız lisenziyalı tibb işçiləri girə bilər. Tibb işçisi olmayan, tamamilə yad bir insanın cərrah bıçağının yanında dayanması, həkimlə dialoqa girməsi xəstənin həyatını risqə atır.

“Təəssüf ki, savadlı həkimlərimiz blogerləri özlərinin reklam meneceri kimi görür, ancaq bilmirlər ki…”

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, son günlərdə sosial şəbəkələrdə və mediada tibb işçilərinin əməliyyat zamanı canlı yayımlar aparması və kənar şəxslərin çəkiliş etməsi faktları qeydə alınır: “Belə hallarla əlaqədar Analitik Ekspertiza Mərkəzi tərəfindən mövcud qanunvericilik çərçivəsində araşdırmalar aparılır, nəticələrə uyğun olaraq xəbərdarlıq və cərimələr tətbiq olunur. Mediada yayılan məlumata əsasən, 23 iyul 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 4C ünvanında yerləşən “Health Group” MMC-yə məxsus “Medipoint” klinikasında plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı müəyyən olunub ki, 7 iyul 2025-ci il tarixində pasiyentə qadın konsultasiyası çərçivəsində həkim Vüsalə Rəhimova tərəfindən endometriyanın kəsilməsi və diaqnostik histeroskopiya əməliyyatı icra edilib. Ambulator müşahidə kartında və qeydiyyat jurnalında əməliyyatla bağlı məlumatlar mövcuddur. Lakin histoloji müayinənin nəticələri əməliyyat jurnalında əks olunmayıb. Eyni zamanda yoxlama zamanı klinikada ekstrakorporal mayalanma (EKM) prosedurlarının aparılması üçün lazımi maddi-texniki bazanın olmadığı, yalnız hazırlıq mərhələsinin həyata keçirildiyi aşkar edilib. Həkim Vüsalə Rəhimova mama-ginekologiya ixtisası üzrə sertifikasiya imtahanından keçmiş olsa da, EKM ilə bağlı tələb olunan sənədlər yoxlama zamanı təqdim edilməyib. Araşdırmanın nəticəsi olaraq həkim Vüsalə Rəhimovaya klinikanın direktoru tərəfindən töhmət, baş həkim Aynur Cavadovaya isə rəsmi xəbərdarlıq elan olunub”.

Həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bəzi həkimlər reklam olunmaq üçün hər yola əl atır: “Əməliyyat otağında reklam çəkilişinin aparılması utancvericidir. Xatırladım ki, bu yaxınlarda mama-ginekoloq doğuş zamanı otaqda ad günü edib və cəzalandırıldı. Əməliyyat otağına, orada iştirak etməyə ixtiyarı olmayan şəxslərin daxil olması düzgün deyil. Akkreditasiya sistemi ondan ibarətdir ki, həkim baza tibb təhsili və rezidentura mərhələsini başa vurduqdan sonra müəyyən saatlarla klinik təcrübə keçməli və yalnız bundan sonra ixtisas üzrə işləmək üçün lisenziya almalıdır. Bu lisenziya müddətlidir və hər il və ya müəyyən aralıqlarla təkrar yoxlamadan sonra yenilənməlidir. Amma bizdə bu sistem ümumiyyətlə tətbiq olunmur.

Bu günlərdə blogerin əməliyyat otağına girib çəkiliş aparması biabırçılıqdır. Təəssüf ki, savadlı həkimlərimiz blogerləri özlərinin reklam meneceri kimi görür. Ancaq bilmirlər ki, bizim blogerlər əsl blogerlik fəaliyyəti ilə məşğul olmur. Xarici ölkə blogerlərindən fərqli olaraq, bizimkilər restoranda pulsuz-yeyib içir, həkimləri ödəniş qarşılığında reklam edir. Yəni bunların tək dərdi qazancdır, kütləyə heç nə aşılamırlar. Mən burda həkim və xəstəxana rəhbərliyini günahkar sayıram. Əməliyyat otağına xüsusi icazəsi olan şəxs daxil ola bilər, başqaları yox”.

Günel CƏLİLOVA

Seçilən
39
baki-xeber.com

1Mənbələr