AZ

Dövlətin əsl müdaxilə vaxtıdır - ehsandan imtinanı sürətləndirmək lazımdır, hələlik 1-2 rayon...


Tural İrfan: “Ölü üçün ehsan məclisi təşkil etmək dinimizdə yoxdur, əksinə…”

Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb. Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də yas mərasimlərində dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb.

Dəbdəbəli yas mərasimlərinin keçirilməsi ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilir. Bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda olaraq süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Artıq Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsinin dayandırıldığı deyilir. Olmazmı ki, bütün rayonlarda dəbdəbəli ehsan verilməsi qadağan edilsin?

“Yerlərdə, rayonlarda, kəndlərdə ziyalılar, ağsaqqallar və din xadimləri təbliğat apararaq bunun qarşısının alınmasında səylər göstərməlidirlər”

Ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, illərdir təbliğat-təşviqat aparırıq ki, dəbdəbəli yas mərasimləri ləğv edilməlidir. Bu yöndə əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi faydalı işlər görüb. Ancaq müəyyən iş adamları, bəzi işbaz məmurlar yas və ehsan biznesindən fayda götürür deyə bütünlükdə qarşısını almaq olmur: “Məsələn, yas, mərasim evləri tikiblər. Hətta bunu məscidlərə pərçim ediblər. İbadət evini biznes məkanına, ticarət obyektlərinə çeviriblər. Gərək şəhərdəki ehsan mafiyası dağıldılsın ki, hər yerdə bunun qarşısını tam almaq mümkün olsun. Şübhəsiz ki, bir çox yerlərdə ehsan adı ilə yasda verilən qonaqlıq məclislərinin qarşısı alınıb. Ziyalılar, el ağsaqqalları, imanlı din xadimləri təbliğat aparıb əhaliyə anlada biliblər. Lakin bəzi yerlərdə hələ ki, çətinliklər var. Əsasən İranın təsiri olan bölgələrdə çətinliklər mümkündür. Çünki yas məclislərindən xarici təbliğat vasitəsi kimi istifadə olunur. Ölü sahibinə ehsan adı ilə qonaqlıq verdirirlər. Çağırılan masabəyi də özünü din xadimi kimi qələmə verib siyasi propoqanda aparır, hansısa dövləti lənətləyir, hansınınsa tərifləyir. Yaxud yas sahibini ziyana salır, pul alır, müxtəlif saxta ayinlərə vadar edir. Ümumiyyətlə, ölü üçün ehsan məclisi təşkil etmək dinimizdə yoxdur. Əksinə, yas sahibinə təmənnasız, dəftərsiz, kitabsız əl tutmaq, kömək etmək lazımdır. Dinin əmri budur. Nisyə nəfəri, borc dəftərçəsi də lazım deyil. Yasda insanlar kömək edirsə bunu borc dəftərinə yazdırmaq nə dinə uyğundur nə də milli adətlərimizə. Dəftər məsələsi Sovet dövründən qalıb. İnsanlar təmənnasız aparıb yas sahibinə pul, ərzaq, yemək ikram etməlidirlər. Ölkənin bütün yerlərində belə olmalıdır. Ölkə üzrə ya məclisləri, israfçılıq ləğv edilməlidir. Camaat bezib daha istismarçı ruhanilərin yaratmış olduğu belə saxta ənənələrindən. Bu elə bir məsələdir ki, dövlət qurumları da, icra nümayəndələri də əhalini təşviq etməlidir. Əsasən isə yerlərdə, rayonlarda, kəndlərdə ziyalılar, ağsaqqallar və din xadimləri təbliğat apararaq bunun qarşısının alınmasında səylər göstərməlidirlər. İnanıram ki, yaxın vaxtlarda israfçı, dəbdəbəli yas mərasimlərinin qarşısını almaq mümkün olacaq”.

Günel CƏLİLOVA

Seçilən
22
baki-xeber.com

1Mənbələr