I MƏQALƏ
III Şuşa Qlobal Media Forumu
İşğaldan azad edilmiş Qarabağın Azərbaycanın sosial, siyasi, informasiya, iqtisadi, energetik və digər sferalarına sürətli inteqrasiyası davam edir. Mütəmadi olaraq keçirilən beynəlxalq miqyaslı tədbirlər Vətən müharibəsinin cari və strateji mənasını bir daha dünyaya anladır. Dünyanın müxtəlif dövlətlərinin siyasi liderləri, diplomatları, iş adamları, media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə müstəqil və güclü Azərbaycanın real obrazı xaricilər üçün getdikcə daha da aydınlaşır.
Bu prosesdə medianın rolu, şübhəsiz, əvəzedilməzdir. Müasir fərdi və kollektiv həyatın elə bir sferası yoxdur ki, bu və ya digər dərəcədə KİV-in informasiya “materialı”na çevrilməsin. Filosoflar, sosioloqlar, kulturoloqlar medianı müxtəlif aspektlərdə məhz bu özəlliyinə görə aktiv surətdə təhlil edirlər. Alman sosioloqu Niklas Luman XX əsrin 70-80-ci illərində yaratmağa başladığı sosiologiyasında medianın cəmiyyət hadisəsi kimi araşdırılmasına böyük yer vermişdir. Ümumiyyətlə, müasir mərhələdə medianı kommunikasiya vasitələri kontekstində geniş tədqiq edirlər.
Bu elmi reaksiya təsadüfi deyildir. Hətta Marşal Maklüyenə görə, elektron media müasir mədəniyyət növünü formalaşdırır. Bu baxımdan III Şuşa Qlobal Media Forumunun rəqəmsal keçidlər və süni intellekt mövzusuna həsr edilməsi ritorika deyildir: ciddi sosial, siyasi, mədəni, kommunikativ və proqnostik mənası olan məsələdir.
Bundan başqa, Qarabağın incisi olan Şuşada rəqəmsallıq və süni intellekt məsələlərinin informasiya və media dayanıqlılığının gücləndirilməsi kontekstində müzakirə mövzusuna çevrilməsi ayrıca təhlili və proqnostik anlama malikdir. Məsələnin nəzəri tərəfi, ümumiyyətlə, “informasiya və media hansı anlamda dayanıqlı ola bilər?” sualına cavab axtarışları ilə bağlıdırsa, praktiki kontekst də çox mühümdür. Burada, görünür medianın “dayanıqlılığı” istənilən situasiyada ədalətə, obyektivliyə, jurnalist etikasına sadiqliyini ifadə etməlidir.
Bizə görə, jurnalist fəaliyyətinin və media kimi strukturlaşmanın əsas əlaməti müasir mərhələdə bundan ibarət olmalıdır. Çünki indiki mərhələdə siyasilər və müəyyən maliyyə dairələri mediaya elə dərin və geniş təsir edirlər ki, bir sıra hallarda jurnalist nəinki həqiqəti, heç posthəqiqəti belə adekvat çatdıra bilmir.
Müxtəlif siyasi dairələr, mafioz qruplar, transmilli şirkətlər, hətta separatçı-terrorçu qruplaşmalar öz maraqlarına uyğun müəyyən informasiya “yuvaları” yarada bilirlər. Buna görədir ki, dünyanın hər bir ölkəsində “5-ci” və sair “kolonlardan” danışılır və onlarla mübarizə dövləti və milli mücadilənin təməl prinsiplərindən biri kimi qiymətləndirilir. İnformasiyanın cəmiyyətdəki rolu baxımından bu məsələnin üç mühüm aspekti mövcuddur.
İnformasiyanın cəmiyyətdə rolu
Bu problemin təməlində “hansı səbəblərdən müasir insan üçün informasiya yüksək dərəcədə əhəmiyyətli olmuşdur?” sualına cavab axtarışı dayanır. Doğrudan da, bütövlükdə insan cəmiyyəti yaranandan məlumat alış-verişi həmişə olmuşdur. Lakin heç zaman total miqyasda informasiyaya bu dərəcədə həssaslıq olmamışdır. Demək olar ki, müasir insanı fərd və kollektiv olaraq informasiya idarə edir. İnformasiya ilə bütöv cəmiyyəti, cəmiyyətlər qrupunu, mədəniyyətlər sistemini və hətta sivilizasiyanın memlərini (dəyişməz kodlarını) dəyişə bilirlər. Tədqiatçılar boş yerə bu dəyişiklikləri mədəniyyətin və sivilizasiyanın təhlükəsizliyi kontekstində araşdırmırlar.
Deməli, hər bir fərdin informasiyaya həssaslığı şəxsi seçimi deyildir – müasir həyatın zərurətidir. Onun da səbəbi vardır. Məsələ ondan ibarətdir ki, müasir sosial həyat elə qurulmuşdur ki, informasiya haqqında olduğu sferanın substantiv və kommunikativ aspektlərinin sintezini ifadə edir. Yəni informasiya özündə həm predmetin (obyektin, qaynağın) mahiyyətini daşıyır, həm də onun təsir dairəsini (sosial, siyasi, mədəni, mənəvi, təhlükəsizlik və s.) müəyyən edir. Buna görə də fərd qəbul etdiyi informasiyanı yalnız başqalarına aid olan məlumat kimi deyil, birbaşa özünün cəmiyyətdə (geniş anlamda həyatda) tutmalı olduğu yeri və oynamalı olduğu rolu müəyyən edən kod kimi dərk edir.
İdarəetmə, media və informasiya
Yuxarıda vurğulanan özəlliklər avtomatik olaraq həm ayrıca informasiyanın, həm də onun toplanması, yayılması və saxlanmasının xüsusi strukturlaşmış forması olan media qurumlarının cəmiyyətin və dövlətin həyatında rolunu yeniləşdirir. Dövləti idarəetmə faktiki olaraq mediativ və bütövlükdə informasion xarakter alır. Müasir müstəqil dövlətlərin hər birində idarəetmənin nəticəverici olmasında media qurumları və informasiyaların xüsusi yeri vardır. Bu yeri adekvat dərk edən və ondan səmərəli yararlanan dövlət uğurlu ola bilir. Media dayanıqlılığı həm də bu baxımdan çox vacib sosial və kommunikasiya məsələsidir. Onun Xankəndidə müzakirə edilməsi, əlbəttə, əhəmiyyətli məsələdir.
Bütün bu məqamların fonunda Prezident İlham Əliyevin Şuşa media forumlarında aktiv iştirak və fikirlərini geniş izah etməsi dövlətçilik kontekstində vacib hadisədir. İlham Əliyev verilən suallara siyasi-nəzəri və praktiki fəaliyyətin sintezində dəqiq və əsaslı cavab verir. Həmin cavablar Azərbaycan mediasının dayanıqlı olması və həyata keçirilən siyasətin incəliyinə qədər obyektiv jurnalist mövqeyindən təqdim edilməsi aspektində aktual mesajlardır. Onların konkret təhlilinə keçmədən öncə, Azərbaycanın informasiya məkanında müşahidə etdiyimiz bir sıra mühüm məqamlar üzərində dayanaq.
İnformasiya axınları kəsişməsində
Müşahidələr göstərir ki, həm Azərbaycan, həm də dünya mediasında Azərbaycan mövzusuna müraciət dəfələrlə artmışdır. Xarici media orqanları əsasən Vətən müharibəsindən sonra Azərbaycanda və Cənubi Qafqazda baş verən geosiyasi, siyasi, ideoloji, əməkdaşlıq və təhlükəsizlik istiqamətlərində özünü göstərən proseslərə diqqət daha çox ayırırlar. Maraqlı və əhəmiyyətlidir ki, hansı mövqedən yazılmasından asılı olmayaraq, dünya KİV-i bir məqamı qəbul edir: II Qarabağ müharibəsi Cənubi Qafqazın geosiyasi dinamikasını və bütövlükdə mənzərəsini dəyişmişdir! Bu, Azərbaycan Respublikasının dövlət kimi tarixi, siyasi və geosiyasi uğurudur.
Məhz həmin aksiom kimi qəbul edilən faktdan çıxış edərək əksər media orqanları Azərbaycanın regional miqyasda müsbət rolunu təhlil edir. Bununla yanaşı, bir sıra KİV orqanları tamamilə qərəzli və xüsusi məqsəd güdən mövqedən Azərbaycan dövlətçiliyinə böhtan atmağa çalışırlar. Hazırda bu iki informasiya axınının kəsişməsində faktiki olaraq Azərbaycan informasiya məkanı özünü yenidən təşkil etməyə məcburdur.
Məsələ bununla məhdudlaşmır. Yerli və xarici KİV aktiv şəkildə Azərbaycan cəmiyyətində gedən proseslərin jurnalistik izahını verməyə çalışırlar. Burada da çox fərqli baxışlara rast gəlmək olur. Təəssüf ki, bir sıra hallarda qeyri-peşəkarlıq və dövlət dilini lazımi səviyyədə bilməmək öz mənfi təsirini göstərir. Ancaq ümumi tendensiya olaraq Azərbaycan mediasının yeni səviyyəyə yüksəldiyi özünü biruzə verməkdədir.
Xarici medianın Azərbaycan cəmiyyətinə təsiri isə ziddiyyətlidir. Bir sıra hallarda onlar sosial ziddiyyətləri və çatışmayan cəhətləri fərqli kontekstdə xüsusi niyyətlə təbliğat üçün təqdim edirlər. Bu, xüsusilə türk dövlətlərinin birliyi məsələsində özünü göstərir. Elə olur ki, dil və milli mədəniyyətə qərəzli münasibət yer alır. Bunlar bizi çox düşündürür, lakin başlıca tendensiya bu istiqamətdə də milli faktorun daha da gücləndirilməsindən ibarətdir.
Bu prosesin detalları üzərində dayanmayaq. Bizim üçün burada əsas olanı dövlət başçısının III Şuşa Qlobal Media Forumunda verilən suallara cavablarında Azərbaycan və bütövlükdə dünya üçün aktual olan bir sıra prinsipial siyasi, diplomatik və politoloji məqamların yer almasıdır.
XXI əsrdə uğurlu liderlik nümunəsi
III Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidentinə verilən bir sual bütövlükdə XXI əsrdə uğurlu liderlik nümunəsi məsələsini diqqət mərkəzinə gətirir.
Forumda söz alan Mixail Qusman sualına bir az uzaqdan, lakin maraqlı mövqedən başladı. Rusiyalı jurnalist öncə Azərbaycanın bənzəri olmayan bir siyasət yeritdiyini vurğuladı. O dedi: “Bu gün Azərbaycan, fikrimcə, tamamilə nadir xarici siyasət yürüdür. Başqa hansı dövlətlə müqayisə oluna biləcəyini də bilmirəm”. Bu tezisinin təsdiqi kimi o, Azərbaycanın Rusiya, ABŞ, Türkiyə, İran, Çin, Avropa İttifaqı ölkələri ilə münasibətlərini nümunə olaraq gətirdi.
Mixail Qusmanın sonrakı fikirlərindən aydın oldu ki, vurğuladığı faktları adi hesab etmir. O, açıq bəyan etdi ki, “Bunda müəyyən bir fenomen var, onu dünyada heç də hamı başa düşmür. Mənə elə gəlir ki, dünyada heç də hamı bunu layiqincə qiymətləndirmir. Bununla bağlı sadə bir sualım var”.
Sual, doğrudan da, quruluşca “sadə” idi. M.Qusman maraqlanırdı: “Sizin siyasətiniz müəyyən, mənə elə gəlir ki, çox aydın, çox yaxşı düşünülmüş siyasi prinsiplərə əsaslanır ki, bu, çoxvektorlu siyasəti həyata keçirməyə imkan verir. Siz Prezident Əliyevin, zənnimcə, belə uğurlu xarici siyasət yürütməsini şərtləndirən 5-7 təməl siyasi prinsiplərini deyə bilərsinizmi?”
Sualın məzmunu konteksti ilə məqsədinin bir-birini tamamlamasından qaynaqlanır. Lakin hər iki məqamın son hədəfi “müasir mərhələdə uğurlu liderliyin təməl prinsipləri hansılar ola bilər?” sualı ilə bağlıdır.
Bu məqamı çox gözəl tutan Prezident İlham Əliyev yığcam və diplomat məharəti ilə cavab verdi. Azərbaycanın lideri ifadə etdi: “Mən bir dəfə avropalı həmkarlarımla qapalı görüşdə, hələ 2020-ci ildən sonra, amma 2023-cü ildən əvvəl, vəziyyət müzakirə olunanda, burada, Xankəndidə hələ də separatçılar olanda bildirmişdim ki, - o qədər uzun söhbət gedirdi, - mən bir dəfə dedim ki, bunu açıq, üz-üzə demişəm, yəni, yox, xalqıma heç vaxt yalan söyləmirəm. Beləcə də dedim. Bu, əslində, doğrudur. Amma sualınıza cavab olaraq, mən beynəlxalq həmkarlara da heç vaxt yalan danışmamağa çalışıram. Əlbəttə, imkan daxilində”.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru