Boran Əzizli Türkmənçayla başlayan xəyanət xəritəsini ortaya qoydu
Rusiyanın işğalçılıq siyasətinə qarşı daim mübarizə aparılıb
Cənubi Qafqaz tarix boyu geosiyasi baxımdan strateji əhəmiyyətə malik olub. Regionda hökm sürmək istəyən imperiyalar arasında Rusiya xüsusi yer tutub. O baxımdan Rusiyanın Azərbaycana qarşı tətbiq etdiyi siyasi, iqtisadi və informasiya təzyiqləri, əslində, tarixi siyasətin davamı kimi qiymətləndirilə bilər. XVIII-XIX əsrlərdə Azərbaycan torpaqlarında mövcud olan xanlıqların çar Rusiyasına qarşı göstərdiyi müqavimət bu kontekstdə aktualdır.
XVIII əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda yaranmış xanlıqlar - Qarabağ, Şəki, Quba, Bakı, Naxçıvan, İrəvan və digərləri qismən müstəqil olublar. Lakin işğalçılıq siyasəti yeridən çar Rusiyası xanlıqları bir-bir öz təsiri altına salmaq, regionda möhkəmlənmək üçün əlindən gələni edib. Təbii ki, Azərbaycan ərazisində mövcud olmuş xanlıqlar Rusiya imperiyasına könüllü təslim olmayıblar və illərlə işğalçıya qarşı mübarizə aparılıb. Məsələn, Quba xanı Fətəli xan şimaldan gələn Rusiya təhlükəsinə qarşı həm daxili birliyi möhkəmləndirməyə, həm də İran və Osmanlı ilə ittifaqlar qurmağa çalışırdı. Xanın məqsədi Azərbaycanın şimal-şərq xanlıqlarını birləşdirərək güclü bir dövlət qurmaq idi. Lakin 1789-cu ildə vəfatından sonra bu təşəbbüslər nəticəsiz qaldı. Qarabağ xanı İbrahimxəlil xan ilkin olaraq Rusiya ilə 1805-ci ildə Kürəkçay müqaviləsini imzalasa da, sonradan münasibətlər gərginləşdi. 1806-cı ildə Rusiya generalı Sisianovun əmri ilə İbrahimxəlil xan ailəsi ilə birlikdə qətlə yetirildi. Bu hadisə Rusiya ilə xanlıqlar arasında inamsızlığın və zorakılığın bariz nümunəsi idi. Rusiya hərbi qüvvələri mərhələli şəkildə digər xanlıqları da işğala məruz qoydu. 1806-cı ildə Şəki, 1806-cı ildə Bakı və digər xanlıqlar Rusiya imperiyasına tabe etdirildi. Bu işğallar silahlı qarşıdurma, xəyanət və zorakılıqla müşayiət olunurdu. Çünki xanlıqların işğalından sonra belə əhali arasında narazılıq və üsyanlar baş verirdi. Yerli əhali çar Rusiyasının vergi siyasətinə, dinə müdaxiləsinə və ruslaşdırma tədbirlərinə qarşı üsyana qalxırdı. Yəni tarixə nəzərə saldıqda da görürük ki, Rusiya regionda heç vaxt Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü məsələsində səmimi olmayıb.

Tarixçi-alim Boran Əzizli Sherg.az-a açıqlamasında deyib ki, Rusiya-Azərbaycan münasibətlərinin gərginliyi şəxsi, subyektiv məsələlərlə yox, obyektiv amillərlə bağlıdır. Alim vurğulayıb ki, Rusiyanın imperiya təfəkkürü, müstəqil olmuş əraziləri işğal etmək niyyətləri açıq-aşkar görülməkdədir:
"Azərbaycanın strateji xətti isə öz müstəqilliyini möhkəmləndirmək, dünya ölkələri ilə azad, bərabər əlaqələr saxlamaq və mehriban qonşuluq siyasətinə əsaslanır. Burada ziddiyyət olduğuna görə, Moskva heç vaxt müstəqilliyini əldə etmiş ölkələrdən əl çəkmək istəmir. Əfsuslar ki, dərsliklərimizdə də bu məsələ özünü təhrif olmuş şəkildə göstərir. Bəzən dərsliklərdə xanlıqlardan bəhs olunarkən, xanlıqlar xalqımızın çatışmayan, zəif cəhəti və s. kimi təqdim olunur. Əvvəla, istərdim, oxucularımız bilsinlər ki, xanlıqlar, yəni feodallıqlara parçalanma tarixi qanunauyğunluqlardan biridir. Rusiyanın özü də yalnız XVI yüzildən sonra mərkəzləşmiş dövlət yaratmağa nail olub. Almaniya və İtaliyanın tarixinə baxsaq, həmin ölkələrdə də mərkəzləşmiş dövlətin XIX əsrdə yarandığını görərik. Ona görə də Azərbaycanda xanlıqlar dövrünə mənfi yanaşma doğru deyil. Xanlıqlar dövründə Azərbaycanda da mərkəzi dövlət yaratmaq cəhdləri olub. Lakin mərkəzləşmiş dövlətin yaranma cəhdləri qonşumuz Rusiyanın yeritdiyi müstəmləkəçilik siyasəti nəticəsində baş tutmadı. Güney Azərbaycanda Nadir şahın əmisi oğlu Fətəli şahın, yaxud Azərbaycanda qubalı Fətəli xanın, Şəki xanı Hacı Çələbinin, Qarabağ xanı İbrahimxəlil xanın və digərlərinin bütün cəhdlərinə baxmayaraq, prosesi başa çatdırmaq mümkün olmadı. Həmin dövrdə Rusiya Avropa ölkələrinə yönələ bilmədiyindən üzünü Azərbaycan xanlıqlarına çevirdi və torpaqlarımızı işğal etdi. Ola bilsin, Rusiyanın hansısa xalq üçün birləşdirici rol oynaması, dövlət qurması faktı olub, amma Azərbaycan xalqına heç bir dövlət qurulmayıb. 1783-cü ildə bağlanmış Georgiyevsk müqaviləsindən sonra Rusiya Qafqazı işğal etmək siyasətinə başlayıb. Ermənilər üçün dövlətin yaradılması Rusiyaya məxsusdur. 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra Rusiya qədim Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlığının ərazisində əvvəlcə ermənilərə vilayət, 1849-cu ildə isə quberniya yaratdı. Bu da ayrıca bir erməni dövləti yaradılmasına keçid və zəmin hesab oluna bilərdi".
B.Əzizli diqqətə çatdırıb ki, xanlıqlar işğal dövründə Rusiyaya ciddi müqavimət göstəriblər:
"Əgər biz 1803-1804-cü illərdə Rusiya-Azərbaycan müharibəsinə nəzər yetirsək, görərik ki, Gəncə xanlığı rus işğalçılarına kifayət qədər layiqli müqavimət göstərib. Ona görə də Gəncə xalqımızın şüuraltı qatında və gen yaddaşında düşməndən sayca az, silahlanma səviyyəsinə görə zəif olsa da, qorxmadan, cəsarətlə, əzmlə düşmənin qarşısında durub. Əsarət altında yaşamaqdansa, qəhrəmanlıqla ölməyi özünə şərəf bilən bir şəhər kimi qan yaddaşımızda yazılıb. Gəncə sözü bizdə "azadlıq uğrunda sonadək mübarizə" kimi assosiativ duyğular oyadır. Qat-qat güclü düşmənə qarşı şərəflə mübarizə aparan Cavad xan xalqımızın and yeridir, milli qəhrəmanımızdır. İkinci rus-qacar savaşında, 1826-28-ci illərdə ən həlledici döyüşlərdən biri İrəvan ətrafında oldu. Uzun müddət mühasirədən sonra ruslar bu şəhəri tuta bildilər və şəhərdəki əsas məscidi rus provoslav kilsəsinə çevirdilər. Gəncə və İrəvan işğal olunarkən əhali əldə silah sonadək savaşıb. Rus qoşunları dinc insanları, qoca, qadın və uşaqları qılıncdan keçirib. Məsələn, Gəncə işğal olunarkən əhali rus qoşunlarının vəhşiliyindən ehtiyat edərək məscidə sığınmışdı. Rus əsgərləri məscidin qapılarını bağlayaraq, ibadət evini yandırmışdı. Bu faktların hamısı Rusiya Mərkəzi Dövlət Arxivindəki sənədlərdə öz əksini tapıb. Rus müəllifləri özləri də bunu qeyd ediblər. Belə bir halda utanmadan sovet dövründə xanlıqların Rusiyanın tərkibinə guya könüllü birləşməsi haqqında gülünc, tarixi həqiqətdən uzaq konsepsiya irəli sürmüşdülər. Təəssüf ki, bəzi adamlar ordenə, medala, vəzifəyə susayaraq, Moskvadan gələn təlimatları canla-başla yerinə yetirmişdilər. Amma onların "ayı xidməti" çox da uzun çəkmədi. Həmin dövrdə bu konsepsiyaya etiraz edən mərhum Süleyman Əliyarlını, Ziya Bünyadovu, Mahmud İsmayılovu və digərlərini minnətdarlıqla xatırlayırıq. Onlar bütün çətinliklərə rəğmən, elmi vicdanlarının əleyhinə getməmişdilər. Yəni Rusiyanın işğalçılıq siyasətinə qarşı daim mübarizə aparılıb. Sonralar BDU-nun 75 illiyi keçirilərkən Ulu Öndər Heydər Əliyev Universitetin və Elmlər Akademiyasının elmi işçilərinin bu sahədəki fədakarlığını xüsusi qeyd etmişdi. Bu müqavimətlərin rus imperiyasına qarşı aparılan mübarizənin çox böyük əhəmiyyəti olub".
Tarixçi əlavə edib ki, çar Rusiyası Türkmənçay müqaviləsi ilə Azərbaycanı işğal etdikdən sonra torpaqlarımız ikiyə bölündü, eyni zamanda torpaqlarımızı işğal edənlər öz "dədə-baba payları" kimi ərazilərimizi ermənilərə peşkəş çəkdilər:
"Qədim torpaqlarımızda "Ermənistan" adlı dövlət yaradıldı. Bununla kifayətlənmədilər və torpaqlarımıza erməniləri, rusları köçürtdülər. Ruslaşdırma, xristianlaşdırma siyasəti həyata keçirtdilər. Bütün saxtakarlıqlara rəğmən, 1823-26-cı illərdə Azərbaycan əhalisində ermənilərin sayı cəmi 9.7 faiz idisə, 1916-cı ilin siyahıya alınmasında 32.8 faizə çatmışdı. İşğaldan qabaq şimal torpaqlarımızda bir nəfər rus yaşamırdısa, 1916-cı ildə Azərbaycanda 250 minə yaxın rus əhalisi yaşayırdı. Beləliklə, bütövlükdə 40 faiz əhalinin tərkibini dəyişməyə nail olmuşdular. Mənfi cəhətlərdən biri də əhalinin genofondunun dəyişdirilməsi təşəbbüsü idi. Din xadimlərini nəzarət altına aldılar. XX əsrin əvvəllərində kənd mollalarından şeyxülislama qədər Rusiya Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən təyin olunurdu. İşğal olunmuş Azərbaycan bölgələrində çar Rusiyası hərbi idarəetmə forması olan komendant üsul-idarəsi yaratmışdı. Buna rəğmən, nə çar, nə də bolşevik Rusiyası xalqımızın qan yaddaşını unutdura bilmədi, milli-mənəvi dəyərləri tam uzaqlaşdıra bilmədi. Çünki Azərbaycan xalqı torpağına bağlı köklü xalqdır".