İstanbulda keçirilən İDEF 2025 sərgisində iştirak edən Azərbaycan müdafiə şirkətləri Türkiyənin müdafiə sənayesini və ikitərəfli sıx əlaqələri yüksək qiymətləndirib. ITX-Motors Group-un Müdafiə direktoru Zafer Çetinkaya, türk tədarükçülərinin Azərbaycana xüsusi yanaşma sərgilədiyini və hər məhsulda sərfəlilik əldə edildiyini bildirib.
Bu barədə News24.az Anadolu Agentliyinə istinadən məlumat verir.
ITX-in zirehli texnika sahəsindəki layihələrindən danışan Çetinkaya, hazırda bir texnikanın Azərbaycanda sınaqdan keçirildiyini və ilin sonuna qədər orduda istifadəyə veriləcəyini açıqlayıb.
Synapline şirkətinin direktoru Bekir Quliyev isə GPS-siz işləyə bilən yeni PUA təqdim etdiklərini deyərək, Baykar kimi türk şirkətlərinin varlığının motivasiya verdiyini bildirib. Şirkət İDEF-də ilk dəfə iştirak edir.
RD Smart şirkətindən mühəndis nümayəndəsi Bəhruz Bağırov “qardaş qardaşın yanındadır” ifadəsi ilə Türkiyə ilə əməkdaşlıqdan doğan güc və ilhamı vurğulayıb. Şirkət sərgidə 5 dron, o cümlədən 3 kamikadze model nümayiş etdirir.
USH Group-un kommersiya direktoru Mehdi Mehdiyev, “Turan-1” adlı tam yerli dizaynlı 7.62x39 kalibrli silah sistemini təqdim etdiklərini, bu məhsulun xüsusi təyinatlıların tələbləri əsasında hazırlanaraq regional ehtiyaclara uyğun olduğunu bildirib.
Azərbaycan pavilyonu sərgidə müdafiə, aviasiya və aerokosmik texnologiyaların geniş çeşidini təqdim edir. İDEF 2025 altı gün ərzində İstanbulda bir neçə məkanda keçirilir və 103 ölkədən nümayəndələri qəbul edir. 900-dən çox yerli və 400 xarici şirkət sərgidə iştirak edir.
Xeyrənsə Piriyeva