AZ

"Azəriqaz"ın "rüşvət əməli" binanı qazsız qoyub » AzadMedia.az


Hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, massiv “V”, 12E ünvanında yerləşən binanın sakinləri ciddi narahatlıq içindədir. Səbəb: "Azəriqaz" İstehsalat Birliyinin qanunsuz olaraq binanın qaz təchizatını dayandırmasıdır. Məsələni ictimailəşdirən binanın sakinlərindən biri Haldun Novruzzadədir.

Məlumata görə, Suraxanı rayonunun Azəriqaz nümayəndələri binanın ümumi qaz təchizatını borclu olduğu deyilən 25 nəfərə görə tamamilə dayandırıb. Halbuki bu bina beş ildir ki, istismardadır, sakinlərin hüquqi mülkiyyət sənədləri – çıxarışları var. Bu cür kollektiv cəza hüquqi baxımdan da, mənəvi baxımdan da yolverilməzdir.

Ən dəhşətlisi isə odur ki, Suraxanı Azəriqaz idarəsinin rəhbərliyi tərəfindən binaya rüşvət qarşılığında qazın bərpa olunması təklif edilib. İddialara əsasən, Azəriqaz rəsmisi “İnci Residens” nümayəndələrindən açıq şəkildə rüşvət tələb edib, qazın ancaq bu yolla bərpa ediləcəyini bildirib.

Bu, bir deyil, iki deyil, onlarla ailənin hüquqlarının kobud şəkildə pozulmasıdır. Dövlət qurumunun nümayəndəsi vəzifəsindən istifadə edib sadə vətəndaşlardan rüşvət tələb edirsə, bu, artıq təkcə korrupsiya deyil bu, həm də insanları təhdid və təzyiqlə üz-üzə qoymaqdır.

SOCAR və “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinə açıq sualımız var:

Əgər bir binada bəzi sakinlərin borcu varsa, bu, niyə digər sakinlərin kollektiv şəkildə cəzalandırılmasına səbəb olmalıdır?

Rüşvət tələbi ilə bağlı səsləndirilən bu ciddi iddialar araşdırılacaqmı, yoxsa yenə də ört-basdır ediləcək?


Qanuni şəkildə çıxarışla yaşayan, mülkiyyət haqqını əldə etmiş vətəndaşların belə qanunsuzluqlarla üzləşməsi Azərbaycan dövlətinə və onun sosial siyasətinə zərbədir.

Əgər bu ölkədə hüquq varsa, Suraxanı Azəriqaz rəhbərliyinin bu davranışına görə dərhal araşdırma başlanmalı, məsul şəxslər cəzalandırılmalıdır.


Seçilən
64
1
azadmedia.az

2Mənbələr