AZ

Gürcüstanda çoxmillətli “Agile Spirit” hərbi təlimi başlayıb

Tbilisi, 26 iyul, AZƏRTAC

Gürcüstan on ikinci dəfədir ki, çoxmillətli “Agile Spirit” hərbi təliminə ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, iyulun 25-də Krtsanisidəki NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) təlimin rəsmi açılışı olub.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, açılış mərasimində çıxış edən şəxslər beynəlxalq təlimin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Gürcüstanda keçirilən beynəlxalq təlimə Gürcüstanın Qərb Müdafiə Qüvvələrinin komandanı briqada generalı Koba Qriqoliya və ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi polkovnik Uilyam Koks birgə rəhbərlik edirlər.

Təlimin açılış mərasimində Gürcüstan Müdafiə Qüvvələrinin nümayəndələri, Gürcüstanda akkreditə olunmuş hərbi attaşelər, NATO Əlaqə Bürosunun, NATO-Gürcüstan Əhəmiyyətli Paketi (SNGP) Əsas Qrupunun, ABŞ səfirliyinin Müdafiə Əməkdaşlığı Ofisinin (ODC) və Avropa İttifaqının Monitorinq Missiyasının nümayəndələri iştirak ediblər.

“Agile Spirit 2025” regionun iki ölkəsində - Gürcüstan və Türkiyədə keçirilir ki, bu da regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir. Təlim iyulun 21-də Türkiyənin Adana vilayəti yaxınlığında ABŞ-Türkiyə birgə hava-desant əməliyyatı ilə başlayıb.

“Agile Spirit 2025”də Gürcüstan, ABŞ və Türkiyə müdafiə qüvvələrinin nümayəndələri ilə yanaşı, daha səkkiz ölkənin hərbi qulluqçuları iştirak edir; Təlimdə iki çoxmillətli bölmə də iştirak edir; Hər iki dövlətin nümayəndələri təlimi müşahidə edəcəklər.

Azərbaycan hərbçilərinin də təlimlərdə müşahidəçi qismində iştirakı gözlənilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
28
7
azertag.az

8Mənbələr