BAKI, 25 iyul. TELEQRAF
Rusiyanın 2025-ci ilin əvvəlindən indiyədək endirdiyi zərbələr nəticəsində Ukraynada mülki əhali arasında ölənlərin sayı son üç ilin ən yüksək həddinə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin köməkçisi Miroslav Yença bildirib.
Onun sözlərinə görə, son bir ay ərzində Rusiyadan Ukraynaya endirilən gündəlik zərbələrin sayı artıb.
Yença Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, təkcə bu ilin birinci yarısında Ukraynada öldürülən və yaralananların sayı 6754 nəfər təşkil edir.
"Son həftələrdə Kiyev və tarixi liman şəhəri Odessa güclü zərbələrə məruz qalıb. Hər gün yüzlərlə dron və onlarla raketlə hücumlar baş verir", - BMT nümayəndəsi bildirib.
Yençanın sözlərinə görə, hazırda Ukraynada təhlükəsiz yer yoxdur. O, Rusiyanın ölkənin qərb bölgələrinə də hücum etdiyini vurğulayıb.
BMT-nin məlumatına görə, genişmiqyaslı müharibənin başlanğıcından indiyədək Ukraynada azı 13580 mülki şəxs, o cümlədən 716 uşaq həlak olub. Daha 34 115 nəfər yaralanıb.