AZ

Paşinyan həbs etdiyi rus oliqarxı barədə beynəlxalq məhkəmə qərarını da heçə saydı...


Məlum olduğu kimi, baş nazir Nikol Paşinyan “Taşir” Şirkətlər Qrupuna daxil olan “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi üçün müvafiq addımlar atır. Artıq proses başlanıb və bu, “Taşir” Şirkətlər Qrupunun sahibi Samvel Karapetyanın evində axtarış aparıldıqdan və onun həbsindən bir neçə saat sonra baş verib.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan parlamentin qəbul etdiyi elektrik şəbəkələrinin dövlət nəzarətinə qaytarılmasını nəzərdə tutan qanunlara dəyişiklikləri imzalayıb.

Yeni qanunvericilik müddəalarına əsasən, Respublikanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası ciddi qanun pozuntularına yol verdikdə, energetika və ya idarəetmə sektorunda ən azı beş il iş təcrübəsi olan kənar menecer təyin etməklə, şirkətin mövcud rəhbərliyini müvəqqəti olaraq vəzifədən kənarlaşdırmaq hüququna malikdir. İndi Paşinyanın şəriki Romanos Petrosyan “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin yeni meneceri təyin edilib. Rusiyaya bağlı oliqarx Samvel Karapetyan isə “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsinin qarşısını almaq üçün Qərb məhkəməsinin dəstəyini alıb. Lakin İrəvan rus oliqarxı sıradan çıxamaq üçün Qərb məhkəməsinin qərarının keçərsiz olduğunu artıq bəri başdan bəyan edir. Hələlik isə bununla kifayətlənmək niyyətində deyil. Qeyd edək ki, Samvel Karapetyan və onun ailəsi Ermənistan hökumətinə qarşı başlatdıqları təcili arbitraj işini qazanıblar. Arbitraj işi Karapetyan ailəsi tərəfindən Stokholm Ticarət Palatası Arbitraj İnstitutunda 18 yanvar 1995-ci ildə Ermənistan və Kipr hökumətləri arasında imzalanmış investisiyaların təşviqi və qorunması haqqında sazişlə müəyyən edilmiş qaydada başladılıb. Bildirilir ki, işin baxılmasında Ermənistan hökumətinin nümayəndəsi də iştirak edib. 22 iyul 2025-ci ildə bu Arbitraj İnstitutu tərəfindən təyin edilmiş təcili arbitraj Ermənistanı “Energetika haqqında” və “İctimai xidmətlərin tənzimlənməsi orqanı haqqında” yeni qəbul edilmiş qanunların müddəalarını “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə tətbiq etməkdən, həmçinin qurumun ekspropriasiyası (üzrə növbəti addımlardan çəkinməyə məcbur edib. Arbitraj təcili müdafiə tədbirlərinin tətbiqinin zəruriliyinə dair qənaətə gəlib, çünki Ermənistanın hərəkətləri Ermənistan və Kipr arasında qüvvədə olan “İnvestisiyaların qarşılıqlı qorunması haqqında Saziş”ə riayət edilməsi ilə bağlı ciddi şübhələr doğurur. Arbitraj həmçinin qeyd edib ki, təcili təminat tədbirləri olmadan, əgər iddiaçılar şirkət üzərində nəzarəti itirsələr və ya daha pis halda, onun sahibi olmaqdan çıxsalar, onlara dəymiş zərərin tam kompensasiyasını almaq çətin olacaq. O da qeyd olunur ki, təcili arbitrajın qərarı Ermənistanın hökuməti tərəfindən məcburi şəkildə icra edilməlidir. Bu fonda Karapetyanın Müdafiə Şurası“Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi ilə bağlı beynəlxalq məhkəmə işində Ermənistan hökuməti üzərində qələbəsini elan edib. Milyarderin müdafiə komandası hökumətin bu qərarı icra etməyə borclu olduğunu vurğulayır.

Məsələ ilə bağlı milyarderin oğlu Karen Karapetyan bildirib: “Ümid edirəm ki, siz hələ də Brüssel kələminin və Paris kruvasanlarının dadına baxa bilərsiniz. Sizin kimi seçicilərinin etimadını artıq itirmiş Makronun dəstəyini hiss etmək xoşdur. Artıq öz qardaşlarınızın kürəyinizdən yüngül zərbə aldığını hiss edirsiniz? Kiçik bir xatırlatma: öz Konstitusiyamız (maddə 6, yadınızdadır?) Ermənistanı beynəlxalq məhkəmələrin bu qərarlarına tabe olmağa məcbur edir. Qonşular bəlkə deyəcəklər ki, bu bənd də sülhə mane olur”. Biznesmenin qardaşı oğlu, “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin Direktorlar Şurasının sədri Narek Karapetyan Ermənistan hakimiyyətinə Avropa dəyərlərinə əməl etməyə davam etməyi və onun şirkətini rahat buraxmağı təklif edib: “Hesab edirəm ki, sizin məhkəmədə öz mövqeyinizi bildirmək imkanınız olub, lakin bunun əsassız olduğu aşkar edilib. Ona görə də təklif edirəm ki, Avropa dəyərlərini rəhbər tutaraq, məhkəmənin qanuni qərarını tez bir zamanda həyata keçirəsiniz”. Bu arada qərarın özü dərc edilməyib, çünki Stokholm Ticarət Palatası Arbitraj İnstitutu bunu münaqişə tərəflərinin hər ikisinin razılığı olmadan edə bilməz. Eyni zamanda, qeyd etmək lazımdır ki, bu, yalnız müvəqqəti tədbirdir və arbitraj prosesi başlamazsa 30 gündən sonra, iş məhkəməyə getmədikdə isə 90 gündən sonra ləğv edilə bilər. Beləliklə, Karapetyan Ermənistanın baş naziri Nikol Paşinyana qalib gəlməyib. Üstəlik, bütün məhkəmə prosesi bir ilə qədər davam edə bilər və o da istisna olunmur ki, məhkəmənin yekun qərarı mütləq milyarderin xeyrinə olmayacaq. Bununla belə, Ermənistan hökuməti beynəlxalq qurumları razı salmaq üçün nəzərdə tutduğu yoldan dönmək fikrində olmadığına eyham vurub. Nazirlər Kabineti Stokholm Ticarət Palatası Arbitraj İnstitutunun qərarı ilə bağlı bildirib: “Xarici arbitraj qərarlarının tətbiq etdiyi təhlükəsizlik tədbirlərinə hörmətlə yanaşan hər kəs eyni zamanda Ermənistan qanunvericiliyini və arbitraj qərarlarının tanınması və icrası qaydalarını və prosedurlarını müəyyən edən beynəlxalq müqavilələri rəhbər tutmağa borcludur”. Bundan əlavə, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan izah edib ki, İrəvan beynəlxalq arbitraj məhkəməsinin qərarını ictimai asayişin qorunmasına zidd hesab etsə, icra etməyə bilər: “İddiaçının arbitraj qərarının tanınması üçün Ermənistan məhkəməsinə müraciət etmək hüququ var ki, o, daha sonra məcburi icra olunsun. Və təbii ki, daxili qanunvericiliyə və beynəlxalq konvensiyaya əsasən, əgər o, ictimai asayişə zidd olarsa, qərarın icra edilməməsi ehtimalı var”. Eyni zamanda, Ermənistan hakimiyyəti iddia edir ki, Karapetyan ondan alınan şirkətə hələ də ona məxsus olduğu üçün sərmayə qoymağa davam etməyə borcludur. Bu, onun 2034-cü ilə qədər qüvvədə olan investisiya proqramında da öz əksini tapıb. Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan qeyd edib: “Bizim bu hissədə heç bir problemimiz yoxdur, onlar planlaşdırdıqlarını etməyə borcludurlar”. Politoloq Tiqran Köçəryan hesab edir ki, Ermənistan hökuməti “Ermənistan Elektrik Şəbəkələri” şirkəti hekayəsində öz gələcəyini ortaya qoyub, ona görə də geri çəkilməyəcək: “Paşinyan relsdən çıxıb. O, qanuna və ya mümkün nəticələrə baxmır. O, indi nədənsə geri çəkilsə, baş nazirin tərəfdarları ondan məyus olacaqlar. Eyni zamanda, Stokholm arbitrajının qərarının icrasından imtinadan Paşinyan yox, Ermənistan zərər çəkəcək”.

Nahid SALAYEV

Seçilən
54
baki-xeber.com

1Mənbələr