AZ

ABŞ-ın Zəngəzur planı Rusiya layihəsindən kəskin fərqlidir - Zaxarova narahatdır...


Qulamhüseyn Əlibəyli: “Vaşinqtonun dəhlizin 99 il xüsusi şirkətin icarəsinə verilməsi ilə bağlı təklifi nəzarətin bir formasıdır”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın Zəngəzur üzərindən Naxçıvana keçən nəqliyyat dəhlizi yaratmaq ideyasına münasibət bildirib.

O, bu təşəbbüsün yenilik olmadığını və bu istiqamətdə ilk təklifi Rusiyanın verdiyini bildirib. “Amerikalıların irəli sürdüyü bu ideyada heç bir yenilik yoxdur. 2023-cü ildə Rusiya–Azərbaycan–Ermənistan üçtərəfli işçi qrupu çərçivəsində biz, demək olar ki, eyni marşrutu təklif etmişdik və nəqliyyat arteriyalarının açılmasına çox yaxın idik. Təəssüf ki, bu proses Qərbin və Ermənistan rəhbərliyinin dağıdıcı təsiri ilə dayandırıldı,” - deyə Zaxarova qeyd edib.

Doğrudanmı Rusiya eyni şərtlər çərivəsində, eyni marşrut təklif edib? Axı bundan əvvəl Rusiya rəsmisi Overçuk dəfələrlə demişdi ki, dəhliz Ermənistanın suverenliyi çərçivəsində olmalıdır.

“Bu o deməkdir ki, Rusiya bölgədən tamamilə sıxışdırılıb çıxarılacaq və Zaxarova ona görə bu qədər narahatdır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli Zaxarovanın fikirlərinə birmənalı yanaşmadı: “Zəngəzur dəhlizi ilə bağlı məsələ əslində mürəkkəb, geosiyasi oyunların nəticəsidir. Bir ara Ermənistan çalışırdı ki, Zəngəzur dəhlizi açılmasın və yaxud da açılması müxtəlif bəhanələrlə təxirə salınsın, uzadılsın. Qərb, birinci növbədə Avropa ölkələri bu məsələdə daha çox Ermənistanı müdafiə edirdilər. Bir növ Azərbaycanın acığına. Rusiya müxtəlif mövqelər tutmuşdu. Baxmayaraq ki, Moskva ilkin dövrdə çalışırdı Zəngəzur dəhlizi açılsın, amma bir şərtlə - Rusiyanın nəzarəti altında. Yəni dəhliz Rusiyanın nəzarəti altında olsun. Bu, Rusiyanın elan etdiyi qırmızı xətt idi. ABŞ Bayden dönəmində daha çox Ermənistana üstünlük verdiyi üçün dəhliz məsələsində təkid etmirdi. Zəngəzur dəhlizi ilə bağlı hazırkı marşrut Azərbaycan tərəfindən təqdim edilib. Bu da SSRİ dönəmində mövcud olan dəmir yoluna əsaslanırdı ki, Azərbaycanı Naxçıvanla birləşdirən ən qısa yoldur. O cümlədən, türk dünyasını birləşdirən ən qısa yoldur. 1991-ci ilə qədər bu yol işlək vəziyyətdə olub. Təbii ki, həmin yol yenidən qurulmalıdır və işlək hala gətirilməlidir. Azərbaycan tərəfi yolun özünə aid hissəsinin tikintisini başa çatdırmaq üzrədir. Top indi Ermənistandadır, amma Ermənistan ortaya konkret mövqe qoymur. Rusiya isə hər vasitə ilə bu yola nəzarət uğrunda çarpışır. Rusiya Ermənistanın iqtisadiyyatına, dəmir yollarına, sərhəd mühafizəsinə faktiki nəzarət edir. Ona görə Rusiya çalışırdı ki, Zəngəzur dəhlizinə nəzarəti təkbaşına üzərinə götürsün. Ancaq nə Ermənistan, nə də Azərbaycan bunda maraqlı deyildi. ABŞ-ın yenidən dövrəyə girməsi bu məsələni aktuallaşdırır. Vaşinqton təklif edir ki, dəhliz 99 il ABŞ-ın xüsusi şirkətinin icarəsində olsun. Bu da nəzarətin bir formasıdır. Prinsipcə, Ermənistanla Azərbaycan ABŞ-ın nəzarətinə bir qədər müsbət yanaşır. O mənada ki, Zəngəzur dəhlizi Rusiyanın əlindən çıxır və Moskvanın Cənubi Qafqazda təsir imkanları daha da azalmış olur. ABŞ-ın nəzarət etməsi o deməkdir ki, Rusiya bölgədən tamamilə sıxışdırılıb çıxarılacaq. Zaxarova ona görə bu qədər narahatdır. Rusiyada azərbaycanlılara hücumlar, diaspor üzvlərinin həbs edilməsi, onların qanunsuz olaraq saxlanılması, zorakılığa məruz qalması, ölkəmizi təhdid etmələri bununla bağlıdır. Zəngəzur dəhlizinin açılması, yaxın günlərdə olmasa da, yaxın aylarda baş tuta bilər. Çünki ABŞ Azərbaycanla münasibətləri gərginləşdirmək istəmir. Anlayır ki, Azərbaycansız regionda iş aparmaq mümkün deyil. Təbii ki, Vaşinqton bunları öz maraqlarından ötrü etmək istəyir. Çalışır ki, Cənubi Qafqazda həm geosiyasi, həm də iqtisadi cəhətdən möhkəmlənsin”.

Vidadi ORDAHALLI

Seçilən
37
baki-xeber.com

1Mənbələr