AZ

Bu şəxslər imtahansız ali təhsil ala bilər

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

İkinci (əlavə) ali təhsil almaq istəyən şəxsləri maraqlandıran əsas suallar bu sahədəki qaydalar və qəbul şərtləridir.

Təhsil eksperti Ramin Nurəliyev bu barədə daha ətraflı Metbuat.az-a açıqlamasında danışıb.

O bildirib ki, ikinci ali təhsil almaq istəyən şəxsin mütləq birinci ali təhsili olmalıdır. Əgər vətəndaş daha əvvəl ali təhsil alıbsa və həmin təhsil onu qane etmirsə, başqa bir ixtisas üzrə imtahansız şəkildə ikinci ali təhsil ala bilər:

“Eyni şəkildə, əgər vətəndaş əvvəllər kollec təhsili alıbsa, lakin müəyyən yaş həddini keçdiyi üçün artıq bu təhsili ali təhsilə çevirmək istəyirsə və subbakalavr dərəcəsi olmadığına görə imtahansız universitetlərə müraciət edə bilmirsə, bu halda təkrar əlavə olaraq imtahansız kollec təhsili alır. Təkrar kollec təhsilini başa vurduqdan sonra subbakalavr dərəcəsi əldə edir və bu dərəcə ilə universitetə ikinci ali təhsil kimi müraciət edə bilir”.

Ekspertin sözlərinə görə, ikinci ali təhsilin qaydalarında ilk əsas şərt birinci ali təhsil diplomunun və qiymət cədvəlinin (transkriptin) təqdim olunmasıdır:

“Əgər vətəndaş qiymət cədvəlini unudubsa, əvvəlki təhsil aldığı ali məktəbə müraciət edərək həmin sənədi yenidən ala bilər. Digər tələb olunan sənədlər sırasında şəxsiyyət vəsiqəsi, iş yerindən arayış, bəzi hallarda sağlamlıq haqqında arayış və əmək kitabçasının surəti də yer ala bilər. Bütün bu sənədlər toplandıqdan sonra portal üzərindən müraciət edilir və təhsil müəssisəsi qısa müddət ərzində cavab verir. Əgər sənədlərdə hər hansı bir çatışmazlıq olarsa, sistem vasitəsilə müraciətçiyə məlumat verilir”.

R.Nurəliyev qeyd edib ki, ikinci ali təhsil hüquq və tibb ixtisasları istisna olmaqla, digər sahələr üzrə əsasən müsahibə yolu ilə həyata keçirilir:

“Yəni müraciət edənlər əvvəlcə sənədlərini təqdim edir, daha sonra isə ali məktəb tərəfindən müsahibəyə dəvət olunurlar. Müsahibə əsasında kimin qəbul ediləcəyi müəyyən olunur. Tibb və hüquq ixtisaslarına isə tələbatın yüksək olması səbəbindən bu sahələrdə təhsil almaq istəyənlər daxili imtahan verməli olurlar. Məsələn, hüquq ixtisası üzrə Konstitusiya və tarixdən, tibb sahəsi üzrə isə müvafiq tibbi fənlərdən imtahan keçirilir. Qəbul həmin imtahanların nəticəsinə əsasən aparılır. Tibb Universitetinin əlavə bir şərti də mövcuddur. Belə ki, Tibb Universiteti ikinci təhsil üçün müraciət edənlər arasında özünün digər ixtisaslarını bitirən məzunlara üstünlük verir. Məsələn, əgər vətəndaş bu universitetin Əczaçılıq və ya Fizioterapiya fakültəsini bitiribsə və indi tibb və ya stomatologiya ixtisası üzrə oxumaq istəyirsə, ona üstünlük verilir. Əgər vakant yerlər qalarsa, bu zaman digər ixtisas sahiblərinə, imtahan nəticəsi yüksək olanlara baxılır”.

Hazırda ikinci ali təhsil almaq üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi hər hansı imtahanda iştirak tələbi olmadığını vurğulayan mütəxəssis qeyd edib ki, ikinci ali təhsil ödənişlidir. Bu təhsil növü üzrə ödənişlər birinci ali təhsildən bir qədər yüksək ola bilər:

“Digər vacib məqamlardan biri də iş yerinin bu prosesdə xüsusi əhəmiyyət daşımasıdır. Məsələn, əgər müraciətçi nəqliyyat sahəsində çalışır, lakin bu sahə üzrə ali təhsili yoxdursa və nəqliyyatla bağlı ikinci ali təhsilə müraciət edirsə, təhsil müəssisəsi həmin şəxsin bu sahədəki iş təcrübəsini nəzərə alaraq ona digər namizədlərlə müqayisədə üstünlük verir. Eyni şey mühasibatlıq və digər sahələr üzrə də keçərlidir. Yəni bu sahədə çalışan şəxslərin ixtisasa uyğun təhsil almaq istəyi təqdir olunur. Lakin bu o demək deyil ki, müraciət edənlərin hamısı qəbul olunacaq. Müsahibə və daxili imtahan nəticələri, eləcə də ayrılmış plan yerləri nəzərə alınaraq qəbul prosesi həyata keçirilir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
3
metbuat.az

4Mənbələr