İlqar Hüseynli: “Bakıda su qurğularının, su sistemlərinin yenilənməsi baş vermir”
2018-ci ilin aprel ayında Nazirlər Kabinetinin iclasında bəyan edildi ki, Bakı şəhərinin 80 faizi sutkada 24 saat su ilə təmin edilib, yaxın 2-3 ildə bu rəqəm 100 faiz olacaq. 2025-ci il, iyul ayı - bu bəyanatdan 7 il keçib.
Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakının bəzi rayonlarında və ətraf qəsəbələrdə günlərlə su gəlmir, ən yaxşı halda sutkada 2 saat su təminatı olur. Hələ onu demirik ki, Bakı ətrafı bir sıra qəsəbələrdə tam su xətləri çəkilməyib. Məsələn, Xəzər rayonunun ən böyük qəsəbəsi olan Binədə əhalinin çoxu su maşınları hesabına suya olan tələbatını təmin edir. Qəsəbənin bir sıra massivinə su xətti çəkilməyib.
Maraqlıdır, niyə qarşıya qoyulan məqsəd icra edilmədi? İndi Bakıda 38-39 dərəcə isti olur, bu istidə camaat susuz nə etsin?
“Ölkə büdcəsindən su təchizatı ilə bağlı vəsait ayrılır, amma bu büdcə üzərindən müxtəlif...”
Sözügedən məsələyə aydınlıq gətirən ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Ümumiyyətlə, su, Azərbaycanda əbədi bir problem olub. Ta SSRİ vaxtından Bakı şəhərində su saatlarla verilərdi. Sonrakı dövrlərdə urbanizasiya ilə əlaqədar Bakı şəhərində əhalinin sayı sürətlə artmağa başladı. Yəni əhalinin sayının iki dəfədən çox artması suya olan tələbatın kəskin artmasına səbəb oldu. Bu da istər-istəməz əhalinin su ilə dayanıqlı olaraq təmin edilməsini çətinləşdirir. Problem ondadır ki, Bakıdakı su anbarları artan tələbata adekvat durumda deyil. Deməyim odur ki, əhalinin sayı paytaxtda kifayət qədər artıb, amma bunun üçün infrastruktur qurulmayıb. Baxmayaraq ki, həyəcan təbili çalınıb, dəfələrlə bununla bağlı müşavirələr keçirilib, əhaliyə vədlər verilib. Ancaq çox təəssüflər olsun ki, su təchizatının yaxşılaşdırılması üçün əsas işlər demək olar görülməyib. Həm də nəzərə almaq lazımdır ki, ümumiyyətlə, Bakıda su qurğularının, su sistemlərinin yenilənməsi də baş vermir. O cümlədən, digər yerlərdə. Ölkə büdcəsindən su təchizatı ilə bağlı vəsait ayrılır, amma bu büdcə üzərindən müxtəlif təmir-tikinti, köhnə xətlərin dəyişdirilməsi adıyla işlər görülür. Lakin genişmiqyaslı su təchizatı ilə bağlı, anbarların, su rezervuarlarının böyüdülməsi, genişləndirilməsi, onların sayının artırılması ilə bağlı ortalıqda elə bir informasiya yoxdur. Ona görə də Bakı şəhərində su qıtlığı mövcuddur və bu, xüsusən yay mövsümündə özünü daha qabarıq göstərir. Bu zaman məcbur olurlar ki, suyu saatla versinlər və əvvəlki metodlardan istifadə etsinlər. Ona görə də Bakının fasiləsiz su təchizatı ilə bağlı geniş və sistemli işlər görülməlidir”.
Vidadi ORDAHALLI