Son dövrlərdə ABŞ-Azərbaycan münasibətləri yeni dinamika qazanmaqdadır. Geosiyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda tərəflər arasında əməkdaşlıq formatları təkcə siyasi sahədə deyil, iqtisadi, enerji və təhlükəsizlik müstəvisində də daha praqmatik və qarşılıqlı faydaya əsaslanan konturlarla inkişaf edir. Azərbaycanın regionda sabitlik və davamlı inkişaf naminə apardığı siyasət, eləcə də Qarabağ və Zəngəzur bölgəsindəki bərpa işləri beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ tərəfindən diqqətlə izlənir. Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı Fariz İsmayılzadə bildirib ki, son illər ABŞ-də baş verən siyasi dəyişikliklər bu ölkənin Cənubi Qafqaz siyasətinə və Azərbaycanla münasibətlərinə də öz təsirini göstərməkdədir: “Bildiyiniz kimi, Co Bayden və administrasiyası dövründə erməni lobbisi ilə daha sıx əlaqələr mövcud idi. Xüsusilə ANCA (Erməni Milli Komitəsi) kimi təşkilatlar administrasiyaya təsir imkanlarına malik idi. Həmçinin, həmin administrasiyada ermənipərəst mövqe sərgiləyən siyasətçilərin, o cümlədən ABŞ-nin keçmiş BMT-dəki səfiri Samanta Pauerin də rolu nəzərəçarpan olub. Lakin hazırkı dövrdə Trampın siyasi xəttində erməni lobbisinin təsiri daha zəif görünür”. Deputatın sözlərinə görə, Trampın hakimiyyətə qayıtması və ya ona yaxın çevrələrin proseslərdə aktivləşməsi ABŞ-nin bölgəyə baxışında daha realist və iqtisadi maraqlara söykənən siyasətə yol aça bilər: “Tramp biznesmen keçmişindən irəli gələrək seçki kampaniyasında əsasən öz maliyyə resurslarına arxalanıb və erməni diasporasından maddi dəstək almayıb. Bu da onun siyasətində daha praqmatik və balanslı yanaşmanı formalaşdırıb. Tramp administrasiyasının Azərbaycana münasibətdə daha real, qarşılıqlı faydaya əsaslanan, xüsusilə iqtisadi və enerji layihələrində əməkdaşlığı önə çıxaran siyasət yürütməsi müşahidə olunur. Azərbaycan da öz növbəsində bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Bu mənada ABŞ ilə münasibətlərdə yeni, strateji bir səhifənin açıla bilər”.Gülbəniz Hüseynli / Metbuat.az