Azər Həsrət: "Reallıq ondan ibarətdir ki, Rusiya problemlər məngənəsində çabalayarkən, onun AES tikmək imkanı yoxdur, artıq bacarmır"
Türkiyənin Mersin şəhərində tikilməkdə olan Akkuyu Atom Elektrik Stansiyasının (AES) işçiləri üç aydır maaşlarının verilməməsinə və pis iş şəraitinə etiraz olaraq çərşənbə günü tətilə başlayıblar.
Tikinti işçilərinin həmkarlar ittifaqı işçiləri dəstəkləyib və iş şəraitinin yaxşılaşdırılmasına çağırıb.
Atom elektrik stansiyasını Rusiyanın dövlət enerji şirkəti "Rosatom" tikir. Korporasiya işçilərin əmək haqlarının gecikdirilməsi faktını təsdiq edərək, bunu sanksiyalarla izah edib.
"Eyni zamanda, üçüncü tərəflərin təsiri ilə xeyli miqdarda vəsaitin bloklanması nəticəsində yaranan problemi - layihənin fasiləsiz maliyyələşdirilməsini təmin etmək üçün həll yolları axtarırıq. Türkiyə tərəfi ilə birlikdə mümkün həll yolları üzərində və vəziyyətin mümkün qədər tez konstruktiv məcraya qaytarılması üzərində işləyirik", - şirkətdən bildiriblər.
Akkuyu Rusiyanın "Rosatom" korporasiyası tərəfindən Aralıq dənizi sahilində ”qur-işlət" modelindən istifadə etməklə tikilən Türkiyənin ilk atom elektrik stansiyasıdır. Dörd reaktordan ibarət stansiyanın Türkiyənin enerji ehtiyacının 10%-ni qarşılayacağı gözlənilir.
Bir müddət əvvəl isə AES-in yanğından mühafizə sisteminin quraşdırılması məsələsində problem yaranmışdı. Həmin vaxt korrupsiya səbəbi ilə Rusiya tərəfi yanğınsondürmə sistemini quraşdıran şirkəti cinayət məsuliyyətinə cəlb etmişdi.
Bir neçə ay əvvəl isə xəbər yayılmışdı ki, "Rosatom" Türkiyədə Akkuyu AES-in payına alıcı axtarır.
Qeyd edək ki, layihənin ilkin variantında AES 2025-ci ildə fəaliyyətə başlamalı idi. Sonradan bu müddət 2026-cı, daha sonra 2028-ci ilə qədər uzadıldı. Hazırda tikintinin 2028-ci ilə qədər başa çatmasına da ümidlər azalmaqdadır.
Bütün bunlar onu deməyə əsas verirmi ki, Rusiya siyasi hakimiyyəti qəsdən bu layihəni probləmlərlə qarşılaşdırır və istifadəyə verilmə müddətini süni şəkildə uzadır? Bu məsələdə Rusiya tərəfinin hansı siyasi maraqları ola bilər?
Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a bildirdi ki, Rusiyanınəlini qoyduğu hər bir iş mütləq axsamalıdır və axsayır da, burada qeyri-adi heç nə yoxdur: "Çünki Rusiya bir dövlət olaraq çöküş ərəfəsindədir. Rusiya həqiqətən həm daxildə, həm də xaricdən nəfəsi kəsilməkdə olan bir dövlətə çevrilib, ağır sanksiyalar altındadır, belə vəziyyət isə uzun müddət davam edə bilməz. Təbii ki, Rusiya bir dövlət olaraq çökəcək. Belə bir vəziyyətdə olan dövlətin bu qədər iri həcmli bir layihəni, özü də xarici ölkədə icra etməsinin özü səhv idi. Bu, məsələnin bir tərəfi.
Digər tərəfdən, qardaş Türkiyə, mənə elə gəlir ki, Rusiyaya bu layihənin icrasını həvalə etməklə çox böyük risqə gedib. İndi o risqin altından necə çıxacaqlar, bu da çox çətin məsələdir. Həqiqətən də sanksiyalar istər maliyyələşdirmə məsələsini, istərsə də maddi-texniki təchizat məsələlərini risq altına atır. Yəni bunu hec mütəxəssis olmadan da görmək mümkündür. Belə bir şəraitdə diqqət onun üzərinə yönəldilməlidir ki, ümumiyyətlə, Rusiyanın bundan sonra belə böyük həcmli layihələri icra etməyə gücü qalıbmı? Fikrimizcə, Rusiyada artıq o güc mövcud deyil. Hələ Ukrayna müharibəsində hər gün milyardlarla itirdiyi vəsaitlər də nəzərə alınmalıdır. Çünki Rusiya həqiqətən də maliyyə və mütəxəssis sarıdan ciddi korluq çəkir. Ölkə əhalisinin problemləri aşıb-daşır. Belə bir şəraitdə gedib Türkiyədə bu həcmdə bir layihəni icra etmək Rusiya üçün çox ağır yükdür. Burada siyasi nüans axtarmağa dəyməz, sadəcə Rusiya bu işi artıq bacarmır. Biz bu işdə reallıqları nəzərə almalıyıq. Reallıq isə ondan ibarətdir ki, Rusiya problemlər məngənəsində çabalayarkən onun AES tikmək imkanı yoxdur, artıq bacarmır..."
Dəniz NƏSİRLİ