O – ulduz olacaqdı...
Yay fəslinin gəlişi ilə çimərlik mövsümü də başlayıb. İnsanlar istirahət, günəş və dəniz axtarışına çıxırlar. Xüsusilə uşaqlar və gənclər üçün su azadlıq kimidir – qaçır, gülür, suya atılırlar. Amma təəssüf ki, bu xoş anlar bəzən faciə ilə nəticələnir. Son günlərdə tez-tez eşitdiyimiz boğulma xəbərləri – biri xilas oldu, biri olmadı – artıq sadəcə statistika deyil. Bu hadisələr ciddi bir təhlükəni göstərir. Qeyri-rəsmi çimərliklər, gözardı edilən təhlükəsizlik qaydaları bizi acı bir reallıqla üz-üzə qoyur: səssiz su təkcə bədənləri yox, o bədəndəki arzuları, xəyalları, gələcəyi – gələcəyin müəllimini, həkimini, futbolçusunu da özü ilə aparır. Fərid kimi… Fərid Şahverdiyev – 16 yaşında bir gənc, “Zirə” futbol klubunun perspektivli və bacarıqlı oyunçusu. O, sevilən və güvənilən bir oğlan idi. Hər kəs onun bir gün məşhur futbolçu olacağına inanırdı. Fərid özü də deyirdi: “Mən bir gün ulduz olacağam. Hamı məndən danışacaq.” Bu, onun içindən gələn səs idi – sadəcə arzu yox, inam idi. Fərid bu inamı davranışı, zəhməti və həyat tərzi ilə sübut edirdi. O, təkcə topun arxasınca qaçmırdı – xəyallarının arxasınca qaçırdı. Futbol onun həyatı idi, nəfəsi idi. Hər məşqdə o, təkcə bədəni ilə yox, ruhu ilə də meydanda olurdu. O, ulduz olmaq istəyən uşaq kimi deyil, artıq o ulduzluğa doğru irəliləyən biri kimi çalışırdı. Lakin indi o, artıq aramızda deyil… Fərid İyulun 17-si dənizdə boğularaq həyatını itirdi. O, cəmi bir neçə gün sonra başlayacaq “Zirə” komandasının yay məşqlərinə hazırlaşırdı. Bir qədər dincəlmək, özünü toparlamaq və yeni mövsümə güclü başlamaq istəyirdi. Amma bu istirahət onun son istirahəti oldu. Dəniz onunla birgə o məşqləri də, planları da, ümidləri də apardı. Fərid ulduz olmaq istəyirdi. Sadəcə tanınmaq yox, sevilmək, yadda qalmaq istəyirdi. Fərid fərqli idi– gözlərində məqsəd vardı. O, hədəfini seçmişdi. Tez-tez deyirdi: “Bir gün hamı məni tanıyacaq.” Bu sözlər bir uşaq iddiasından daha artıq idi – bu, içində alışan böyük bir inam idi. Fərid o qədər ürəklə danışırdı ki, onu dinləyən hər kəs inanırdı. Çünki onun gözlərində yalnız xəyallar yox, zəhmət, səbir və prinsipiallıq vardı. Ən sonda çıxardı məşqlərdən, meydançadan “yetər” deməzdi. Bəlkə də doğrudan da bir gün bu ölkənin ən parlaq futbol ulduzlarından biri olacaqdı. Bəlkə də hansısa stadionda minlərlə insan onun adını səsləyəcəkdi. Bəlkə biz bir gün deyəcəkdik: “Fəridi tanıyırsan?” “Gördünüz? Vurduğu qol komandanı xilas etdi”. Amma indi bu “bəlkə”lər suya qarışdı. Dəniz yalnız bir gənci yox, onunla birgə bir ümidin, bir arzunun, bir gələcəyin də üstündən keçdi. Və ən çox da bu təsir edir insana… Fərid təkcə futbolçu deyildi. O, ailəsinin fəxri, valideynlərinin nəfəsi idi. Onun sinif yoldaşları bu xəbərlə hələ də barışa bilmir. Ən yaxın dostları isə məzarından geri dönə bilmir. Göz yaşları torpağa qarışıb, sükut dilə gəlib. Çünki bu gediş – çox qəfil və çox ağır oldu. Yaşı az olsa da, Fərid böyük insanlar qədər düşünən, məsuliyyətli bir gənc idi. Həyatda da, futbol meydanında da fərqlənirdi. Onu tanıyan hər kəsin qəlbində iz buraxmışdı. Fəridlə bir dəfə söhbət edən belə onu unuda bilmirdi. Çünki o, özü kimi idi – səmimi, təmiz, səssiz, amma güclü… İndi isə o səssizlik daha dərindir. Onun gülüşü, oyundakı çevikliyi, gözlərindəki parıltı artıq yoxdur. Amma xatirələrdə yaşayacaq. Hər kəsin yaddaşında bir uşaq kimi yox, gələcəyi olan bir ulduz kimi qalacaq. Fərid Şahverdiyev ulduz olacaqdı. O, özü buna inanırdı. Biz də inanırdıq. Amma ulduzlar həmişə göydə qalmır… Bəzən ən parlaq olanı tez sönür. Fərid, sən ulduz idin və ulduz olaraq qalacaqsan… Fərid Şahverdiyevin xatirəsinə… Muradzadə Nərmin