Bakı, 25 iyul, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri - müharibə ilə əlaqədar əlilliyi olan Tural Əbutalıb oğlu Nəsibov və Seyidəmir Mirağa oğlu Ağayev üçün yaradılmış kiçik təsərrüfatlara baxış keçiriblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə T. Nəsibov üçün dəmirçi sexi, S. Ağayev üçün isə dülgər sexi yaradılıb.
Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Daşkəsən rayonunda 257 şəxs üçün kiçik təsərrüfatlar qurulub.