Sığorta olunan hərbi qulluqçular xidmət zamanı qarşılaşdığı risklərin dərəcəsinə uyğun olaraq müəyyən nisbətdə sığorta ödənişi alırlar. Metbuat.az-ın məlumatına görə, müəyyən edilmiş sığorta məbləği 11 min manatdır. Əgər hərbi qulluqçu həqiqi hərbi xidmətdə və ya toplanışda olduğu zaman həlak olarsa, onun ailəsinə sığorta ödənişi tam şəkildə verilir. Xidmət zamanı orqanizmdə ciddi funksional pozuntular yaranarsa, ödəniş vəziyyətin ağırlıq dərəcəsinə əsasən hesablanır. Belə ki, orqanizmin funksiyalarının 81-100 faiz aralığında pozulduğu hallarda sığorta məbləğinin 80 faizi, yəni 8800 manat ödənilir. Pozulma 61-80 faiz aralığındadırsa, bu halda məbləğ sığorta məbləğinin 60 faizini – 6600 manatı təşkil edir. Funksional pozulmalar 31-60 faiz aralığındadırsa, sığorta ödənişi 4400 manat, yəni ümumi məbləğin 40 faizi miqdarında verilir. Qeyd edək ki, hərbi qulluqçu xidmət zamanı müxtəlif dərəcəli xəsarətlər aldıqda da sığorta ödənişi həyata keçirilir. Əgər hərbi qulluqçu ağır xəsarət alıbsa (yaralanma, travma, kontuziya və s.), bu zaman ona 2750 manat, yəni sığorta məbləğinin 25 faizi ödənilir. Az ağır xəsarətlərə görə bu məbləğ 1650 manat (15 faiz), yüngül xəsarət hallarında isə 550 manat (5 faiz) təşkil edir. Sevinc İbrahimzadə / Metbuat.az