Ajans.az xəbər verir ki, Ukrayna hakimiyyəti getdikcə daha avtoritar xüsusiyyətlər nümayiş etdirir, ölkədəki korrupsiya səviyyəsi isə hələ də kritik olaraq qalır. Bu fikri ABŞ-ın sabiq prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Kortes Newsweek üçün yazdığı məqaləsində ifadə edib. “Olaylar göstərir ki, [Ukrayna prezidenti Vladimir] Zelenski və [Prezident Administrasiyasının rəhbəri] Andrey Yermak olduqca avtoritar şəkildə hərəkət edirlər... Korrupsiya Ukrayna siyasətinə və dövlət idarəçiliyinə dərindən nüfuz edib, bu, Kiyevdə hakimiyyətin ən yüksək səviyyələrindən başlayır,” – deyə Kortes bildirib. Onun sözlərinə görə, Milli Antikorrupsiya Bürosunun (NABU) ofisində aparılan son axtarış “açıq-aşkar qanunsuzluq aktı” olub. “Bu axtarış demokratiyanı deyil, banditizmi xatırladır,” – deyə o əlavə edib. Xatırladaq ki, daha əvvəl Ukrayna Təhlükəsizlik Xidməti (SBU) NABU-da axtarış aparmış və büronun mərkəzi aparatının əməkdaşını Rusiya xeyrinə casusluqda ittiham edərək Kiyevdə saxlamışdı. SBU həmin şəxsin “ən elit və qapalı 'D-2' bölməsində” çalışdığını açıqlamışdı.