Özbəkistan Nəqliyyat Nazirliyinin analitik hesabatı Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Azərbaycanın Avrasiya logistikası və regional nəqliyyat arxitekturasındakı strateji rolunu bir daha vurğulayır. Hesabatda Azərbaycanın bu marşrutdakı funksional əhəmiyyəti onun nəqliyyat infrastrukturunun modernliyi, Xəzəryanı liman imkanları və Türkiyə ilə Gürcüstanla möhkəm iqtisadi-siyasi əlaqələri kontekstində təqdim olunur. Bu cür bağlantılar, xüsusilə geosiyasi qeyri-müəyyənliklərin və Rusiya-İran marşrutlarına qarşı tətbiq edilən sanksiyaların fonunda Qərbin Mərkəzi Asiya ilə alternativ əlaqə kanallarına ehtiyacını artırır və Azərbaycanın da bu ehtiyacları qarşılamaq üçün daha əlverişli mövqe qazanmasına gətirib çıxarır.
Aznews.az şərh edir ki, Azərbaycanın uzunmüddətli iqtisadi strategiyası, ölkəni nəqliyyat qovşağına çevirmək məqsədilə həyata keçirilən infrastruktur layihələri ilə sıx bağlıdır. Bu baxımdan, Orta Dəhliz həm texniki, həm də iqtisadi baxımdan "gələcəyin ticarət dəhlizi" olaraq qiymətləndirilə bilər. Son illərdə Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və yeni logistika mərkəzlərinə yönəlmiş investisiyalar da bu hədəfə xidmət edir. Məlumata görə, 2024-cü ildə bu marşrutla daşınan yüklərin həcmi 62 faiz artaraq 4.5 milyon tona çatıb və 2025-ci ildə 5.2 milyon tona qədər yüksələcəyi proqnozlaşdırılır. Bu isə Azərbaycanın tranzit gəlirlərinin artması və logistika sektorunda yeni iş yerlərinin yaradılması baxımından xüsusi önəm daşıyır.
Azərbaycan-Türkiyə tandemi isə bu marşrutda yalnız iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik baxımından koordinasiyalı çıxış etməklə geoiqtisadi dəyərlərin formalaşmasında mühüm amilə çevrilib. Orta Dəhlizin genişləndirilməsi çərçivəsində Azərbaycanla Tacikistan arasında artan əməkdaşlıq və Düşənbənin Bakı ilə tərəfdaşlıq səviyyəsini yüksəltməsi də marşrutun regional təsir dairəsinin genişləndiyini göstərir. Tacikistan bu dəhlizi öz ixrac məhsullarının Avropa bazarlarına çıxarılması üçün alternativ kanal kimi görür ki, bu da Dəhlizin çoxölçülü funksiyasını daha da dərinləşdirir.
Hesabatda qeyd edilən digər maraqlı məqamlar marşrutun yalnız regiondaxili deyil, qlobal səviyyədə də strateji dəyər qazandığını sübut edir. ABŞ və Avropa İttifaqı Orta Dəhlizi Rusiyadan keçən ənənəvi marşrutlara alternativ kimi dəstəkləyir, Çin isə Ukrayna münaqişəsi və artan geosiyasi risklər fonunda bu dəhlizə daha sabit və təhlükəsiz bir xətt kimi baxır. Eyni zamanda, Rusiya üçün də bu marşrut modern nəqliyyat əlaqələrinin və regional inteqrasiyanın təşviqi baxımından önəm kəsb edir.
Rəqəmlərlə desək, 2024-cü ildə daşınan 4.5 milyon ton yükün 2.5 milyon tonu quru yük, 1.7 milyon tonu isə neft olub. Bu həcmin böyük bir hissəsi dəhlizə üzv olan ölkələrdən keçib. Marşrutun ötürücülük qabiliyyətinin 2027-ci ilə qədər ildə 10 milyon tona çatdırılması planlaşdırılır ki, bu da təkcə Azərbaycanın deyil, ümumilikdə regionun nəqliyyat və ticarət potensialının davamlı şəkildə artmasına xidmət edəcək.