ABŞ-ın avtomobil sənayesinin aparıcı şirkətlərindən biri olan "General Motors" elektrikli avtomobillərə (EV) keçid prosesində sürəti azaldıb.
Valyuta.az xəbər verir ki, şirkət elektrikli nəqliyyat vasitələrinə olan tələbin zəifləməsi və 7500 dollarlıq federal vergi güzəştlərinin 2024-cü ilin sentyabrında başa çatması fonunda daxili yanma mühərrikli (ICE) SUV modellərinə üstünlük verməyə başlayıb.
Bu strateji dəyişikliyi GM rəhbərliyi 2024-cü ilin ikinci rübünə dair maliyyə hesabat toplantısında açıq şəkildə elan edib. Şirkət ICE modellərinə yüksək tələbin davam etdiyini bildirərək, bu avtomobillərin istehsalını artıracağını bəyan edib. 2024-cü ilin ikinci rübündə elektrikli avtomobil satışlarının 6%-dən çox azaldığı qeyd olunur və bu, atılan addımın əsas səbəblərindən biri sayılır.
GM-nin baş direktoru Meri Barra bildirib ki, Kanzasdakı "Fairfax" zavodunda "Chevrolet Equinox" ICE modelinin istehsalına başlanacaq. Digər bir benzinli model olan "Blazer ICE" isə Tennessi ştatındakı "Spring Hill" zavodunda istehsal ediləcək. Bu addım, son illərdə avtomobil sənayesində geniş yayılmış "hər şey elektrikli olacaq" yanaşmasından ciddi bir dönüş kimi dəyərləndirilir.
"İçdən yanmalı mühərriklərdə hələ də güclüyük", deyə Meri Barra vurğulayıb və əlavə edib: “ICE seqmentində uzunmüddətli uğur üçün yaxşı mövqedəyik. Benzinli avtomobillərdən gəlirliyimizi artırmağa davam edərkən, elektrikli avtomobillərdə də rentabellik səviyyəsini yüksəltməyə fokuslanacağıq".
Bu bəyanat, GM kimi tam elektrikli "Ultium" platformasına milyardlarla dollar sərmayə yatırmış bir şirkətin rəhbərindən gələn diqqətçəkici bir etirafdır.
Elektrikli nəqliyyat vasitələrinə qoyulan böyük investisiyalar hələlik gözlənilən gəlirliliyi təmin etmir. Orta və aşağı gəlirli alıcılar EV-lərə keçid mövzusunda tərəddüd edir. Üstəlik, federal vergi güzəştlərinin sona çatması bu keçidi daha da yavaşlada bilər. EV bazarının böyüməsində durğunluq müşahidə olunur və artıq bu sahədə “qaliblər” və “itirənlər” müəyyənləşməyə başlayıb.
GM-nin maliyyə direktoru Pol Ceykobson bildirib ki, şirkətin həm ICE, həm də EV istehsal edə bilməsi ona bazar tələbinə çevik reaksiya vermək və investisiya xərclərini balanslı idarə etmək imkanı verir: “Tələb düşdüyündə EV-dən ICE-yə çevik şəkildə keçə bilirik. Bu da fabriklərimizin daha səmərəli fəaliyyət göstərməsinə şərait yaradır".
Hazırda elektrikli nəqliyyat vasitələri genişlənmə mərhələsindədir. Lakin bu avtomobillərin kütləvi bazarda uğur qazanması üçün həm qiymətlərin aşağı düşməsi, həm də şirkətlərin bu modelləri gəlirli şəkildə təqdim edə bilməsi vacibdir. Meri Barra bildirir: “Aşağı qiymətli batareya texnologiyaları inkişaf etdikcə, EV modellərindən əldə edilən gəlirlilik də artacaq. Hazırda fokusumuz bunun üzərindədir".
Uygun qiymətli EV modellərinin gerçəkdən gəlirli olub-olmayacağı ilə bağlı bir analitik sualına isə Barra bu şəkildə cavab verir: “Gəlir əldə edə biləcəyimiz hər avtomobil üçün mübarizə aparırıq və uğura çatana qədər bu yoldan dönməyəcəyik".
GM-nin bu strateji dönüşü təkcə taktiki dəyişiklik deyil, eyni zamanda soyuq bazar reallıqlarına verilmiş praqmatik cavab kimi qiymətləndirilir. Benzinli avtomobillərə olan davamlı tələbat GM-yə vaxt qazandırır və bu müddətdə şirkət elektrikli gələcəyini daha dayanıqlı bir biznes modelinə çevirməyə çalışır.
Paşa Məmmədli