Bakı, 24 iyul, AZƏRTAC
Avrokuboklarda debüt oyunumuz oldu. Yüksək səviyyədə təlim-məşq toplanışı keçmiş, görüşə kifayət qədər yaxşı hazırlamışdıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan” klubunun futbolçusu Bəxtiyar Həsənalızadə UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanın “Aris” klubuna 2:1 hesabı ilə qalib gəldikləri ilk oyun barədə danışarkən deyib.
O, rəqibin güclü komanda olduğunu söyləyib: “Bir anlıq boşluq yarandı və qapımızda qol gördük. Amma toparlanmağı bacardıq. Əsas odur ki, bir top fərqlə üstünlük bizdədir. Hesab bərabərləşdikdən sonra vəziyyət bir qədər dəyişdi. Bunu rəqib üçün qırılma anı hesab etmək olardı. Həmin vəziyyətdən istifadə edib, ikinci qolu vura bildik. Növbəti qolu da vura bilərdik. Təəssüf ki, Keyta epizodu dəyərləndirə bilmədi”.
Oyunçu Yunanıstanda keçiriləcək cavab qarşılaşmasının daha çətin keçəcəyini vurğulayıb: “Bunu yaxşı dərk edirik. Buna baxmayaraq, şanslarımızın olacağına inanıram. Ev sahibləri olacaqları üçün üstünlük onlarda ola bilər. Buna görə də xüsusi hazırlıqlar görmək lazımdır. Psixoloji olaraq özümüzü yaxşı hazırlamalıyıq”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də keçiriləcək.