Yay mövsümünün qızğın çağında dənizlərə axın edən vətəndaşların sayı artdıqca, suda boğulma hadisələri ilə bağlı xəbərlər də gündəmdən düşmür. Demək olar ki, hər həftə mediada boğulma və ölüm halları ilə bağlı məlumatlara rast gəlinir. Bu isə təbii olaraq ictimaiyyətdə narahatlıq doğurur: vətəndaşlar hansı çimərliklərdə təhlükəsizliyin təmin olunduğu, harada nəzarətin yetərli olduğu sualını verməyə başlayırlar.
Bəzi media orqanlarında yayılan ölüm xəbərlərinə rəğmən, Fövqəladə Hallar Nazirliyi (FHN) bu iddiaları təsdiqləmir. Bizim.Media məsələ ilə bağlı FHN-ə müraciət edib və rəsmi mövqe öyrənib.
MÖVZU İLƏ BAĞLI:
Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə - VİDEO
Nazirlikdən bildirilib ki, FHN-in nəzarət etdiyi çimərliklərdə yay mövsümü başlayandan bəri heç bir ölüm halı qeydə alınmayıb. Əksinə, həmin ərazilərdə 36 nəfər suda boğulma təhlükəsi ilə üzləşib və nazirliyin xilasedici heyəti tərəfindən xilas edilib.
Bununla belə, bir sual açıq qalır. FHN konkret olaraq hansı ərazilərə nəzarət edir?
Maraqlıdır ki, qurum nəzarət etdiyi ərazilərin də açını açıqlamadı. Dəfələrlə israr etsək də, qurum bu suala cavab verməkdən imtina edib.
Beləliklə, yayılan boğulma xəbərləri fonunda təhlükəsiz çimərliklərin siyahısının ictimaiyyətə təqdim olunmaması qeyri-müəyyənlik yaradır. Məsul qurumların bu istiqamətdə şəffaflıq göstərməsi isə vətəndaşların həm məlumatlandırılması, həm də maarifləndirilməsi baxımından vacibdir.
Aygün Hüseyn, Bizim.Media