AZ

Dərman almaq üçün corab satan Allahverdi Yolçuyevlə bağlı Nazirlikdən AÇIQLAMA

Allahverdi Yolçuyevlə bağlı məsələlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir. 

Bu barədə Ölkə.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

"Aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub. Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib, həmçinin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir.

Mədəniyyət Nazirliyi vurğulayır ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir", - cavabda deyilir.

Qeyd edək ki, aktyor Allahverdi Yolçuyev müxtəlif illərdə teatr və televiziya sahəsində fəaliyyət göstərib. O, 1979–1981-ci illərdə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında, 1985–1987-ci illərdə isə Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Sonrakı illərdə, 1987–2016-cı illərdə televiziya və radio sahəsində fəaliyyət göstərərək, “Laylay”, “Göydən üç alma düşdü” və digər uşaq verilişlərinin aparıcısı və səsləndiricisi olub.

Xatırladaq ki, bundan əvvəl A.Yolçuyev açıqlamasında dərmanlarını almaq üçün küçələrdə corab satdığını deyib. O, Mədəniyyət Nazirliyindən dəstək istəyib.

Billurə Yunus

Seçilən
71
16
olke.az

10Mənbələr