AZ

Kürdəmirdə “Bostan festivalı” təşkil olunub

Kürdəmir, 25 iyul, Rəşad Türkoğlu, AZƏRTAC

Kürdəmir Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə ilk dəfə “Bostan festivalı” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, festival əsl kənd adamının zəhmətinin, torpaqla dostluğunun və bölgənin aqrar irsinin təntənəsinə çevrilib.

Festival rayon icra hakimiyyətinin qarşısındakı prospektdə təşkil olunub. Burada regionun fermerləri, bostançılıqla məşğul olan təsərrüfat sahibləri, müxtəlif aqrar məhsul istehsalçıları öz məhsullarını sərgiləmək üçün bir araya gəliblər. Meydanın bir tərəfində yerli mətbəxin unudulmaz təamları, digər tərəfdə isə ləzzətli şirniyyatlar və müxtəlif növ məhsullar qonaqlara təqdim olunub.

Kəndirbaz və pəhləvanların məharətlərini nümayiş etdirdiyi festivalın bədii hissəsində Kürdəmirin incəsənət ustaları ilə yanaşı, tanınmış muğam ifaçılar da yer alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda dövlət qurumlarının və kənd təsərrüfatı sahəsinin tanınmış simaları da iştirak ediblər.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Milli Məclisin deputatları Jalə Əliyeva və Əminə Ağazadə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Fuad Məmmədov, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elmar Allahverdiyev çıxış edərək festivalın əhəmiyyətindən danışıblar.

Bildirilib ki, bu kimi tədbirlər regionun aqroturizm potensialının artırılmasına, yerli fermer və sahibkarlar arasında əməkdaşlığın möhkəmlənməsinə, eyni zamanda Kürdəmir bostan məhsullarının brendləşməsinə və rayonun sosial-iqtisadi inkişafına ciddi təkan verəcək.

Festival çərçivəsində “Aqrar sahədə dövlətin maliyyə mexanizmləri” adlı panel müzakirələr keçirilib. Paneldə çıxış edənlər vurğulayıblar ki, belə festivallar yalnız məhsul sərgisi deyil, həm də bostançılıq sahəsində innovasiyaların yayılması, elmi-tədqiqat qurumları ilə fermerlərin əlaqələrinin möhkəmlənməsi, texnoloji yeniliklərin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən
22
azertag.az

1Mənbələr