AZ

Putin Qafqazdan çıxarılır: Paşinyanı devirmək planı işə düşdü! - MÜSAHİBƏ

“Karnegi” Fondunun Avropa bölümünün elmi əməkdaşı Tomas de Vaal "Meduza" saytına Rusiyanın Cənubi Qafqazda təsirini itirməsi barədə geniş müsahibə verib.

Modern.az-ın məlumatına görə, o, Rusiyanın Cənubi Qafqazda təsirini itirdiyini bildirib.

Müsahibəni ixtisarla təqdim edirik:

- Hazırda Moskva ilə Bakı arasında baş verən böhran fonunda jurnalistlər və analitiklər təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın Rusiya təsirindən çıxmasından yazırlar. Sizcə, Rusiya regiondakı nüfuzunu həqiqətən itirib? Əgər belədirsə, bu proses nə vaxt və necə başlayıb?

- Bəli, Rusiya Cənubi Qafqazda təsirini itirib. Bu, təbii ki, tədrici şəkildə baş verib. Söhbət 35 illik bir dövrdən gedir, bu ölkələr müstəqillik əldə edəndən bəri. Rusiya bu ölkələrə hələ də “yaxın xaric”, öz təsir dairəsi kimi yanaşsa da, bu artıq reallıqla üst-üstə düşmür.

Bu ölkələrdə artıq Rusiyadan tam asılılıq görməmiş yeni bir nəsil yetişib. Rus dili istifadəsi tədricən azalır. Onların indi dünyanın müxtəlif ölkələri ilə öz əlaqələri var.

Məsələn, Azərbaycanın ən yaxın müttəfiqi Türkiyədir. Gürcüstanın, heç olmasa yaxın vaxta qədər Avropa ilə çox güclü əlaqələri var idi. Ermənistanın əsas tərəfdaşı Fransadır. Beləliklə, Rusiya artıq tək güc deyil, bir çox oyunçudan biridir. Hələ də regionda müəyyən təsir rıçaqları var, amma bunlar əsasən iqtisadi xarakter daşıyır və çox zaman mənfi alətlərlə ifadə olunur.

Məsələn, Rusiya Ermənistana qaz təchizatını kəsməklə təsir göstərə bilər. Amma bu, erməni xalqının sevgisini və dəstəyini qazanmağın yolu deyil.

Düşünürəm ki, həlledici məqam 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzü oldu. Bu, Rusiyanın resurslarının böyük hissəsini başqa yerə yönəltdi. Və nəticədə Rusiya Cənubi Qafqazda nüfuzunu və hörmətini itirdi.

Bu hadisə həm də Cənubi Qafqaz ölkələri ilə Rusiya arasında tərəfdaşlığın daha bərabər əsaslara keçməsinə səbəb oldu. Bu ölkələr anladılar ki, Rusiyanın Qərbə olan yolları bağlanıb və ona yeni iqtisadi tərəfdaşlar lazımdır.

Digər mühüm amil isə odur ki, Rusiya artıq Qarabağ münaqişəsi kimi böyük bir təsir rıçağını da itirib. Əvvəllər Rusiya daim Ermənistanı Azərbaycana qarşı, Azərbaycanı isə Ermənistana qarşı istifadə edirdi. Amma Qarabağ artıq Rusiyanın nəzarətində deyil. Rusiya artıq bu rıçaqdan istifadə edə bilmir.

-  Rusiya ilə Azərbaycan arasında yaşanan böhranın fonunda niyə ciddi danışıqlar cəhdi görünmür?

Məncə, hər iki ölkənin bir-birinə ehtiyacı var. Rusiyada azərbaycanlı diasporu çox böyükdür, bəzi hesablamalara görə, 2 milyon nəfərə qədər. Digər tərəfdən, Rusiya Azərbaycanın çox vacib qonşusudur. Rusiya Azərbaycana cənuba doğru tranzit marşrut kimi baxır. Dəmir yolları və avtomobil yolları ilə bağlı əməkdaşlıq artırdı.

Həmçinin, Şimali Qafqazda, xüsusilə Dağıstanda sabitlik məsələsi var. Dağıstan Rusiyanın zəif nöqtələrindən biridir və o, Azərbaycanla sərhəddə yerləşir. Bu bölgənin qeyri-sabitliyə sürüklənməsi istənilmir.

Ancaq bu münasibətlərdə milli qürur və siyasi legitimlik də önəmlidir. Hər iki lider qarşı tərəfə güzəştə gedən kimi görünmək istəmir. Azərbaycan Rusiyaya vassal kimi deyil, bərabər tərəfdaş kimi yanaşılmasını istəyir.

Digər tərəfdən, bu vəziyyətdə bir növ teatr elementləri də var. Hər iki lider bir-birini artıq 20 ildir tanıyır. Ötən yay Putin Azərbaycana dövlət səfəri etmişdi. Gözləmək olar ki, nə vaxtsa onlardan biri telefonu götürəcək və birbaşa danışaraq bu böhranı yumşaldacaqlar.

Amma indiki böhran Azərbaycanın özünü nə qədər güclü hiss etdiyini və bu münasibətləri yenidən balanslaşdırmaq istədiyini göstərir.

- Rusiya Cənubi Qafqazda təsirini itirərsə, bunun nəticəsi nə ola bilər?

Məncə, son dövrlərin ən mühüm inkişaflarından biri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın 10 iyulda Əbu-Dabidə keçirdikləri görüşdür. Bu görüş onların şəxsi təşəbbüsü ilə baş tutub, hansısa beynəlxalq sammit çərçivəsində olmayıb. Bu, birbaşa ikitərəfli danışıqlar idi. Birləşmiş Ərəb Əmirlikləri sadəcə ev sahibliyi etdi, vasitəçilik etmədi.

Bu, çox müsbət və sağlam bir əlamətdir. Bu onu göstərir ki, artıq tərəflər "böyük qardaşsız" bir masa arxasında oturub danışıqlar apara bilirlər. Çünki məlumdur ki, hər vasitəçinin bu cür münaqişələrdə öz maraqları olur. Ən ideal variant, əlbəttə ki, münaqişə tərəflərinin birbaşa danışıqlar aparmasıdır. Bu baxımdan sözügedən görüş müsbət addımdır. Və burada da aydındır ki, Rusiya bu prosesdən kənarda qalır.

Bəlkə də daha da mühüm olan məqam ondan ibarətdir ki, artıq tərəflər nəqliyyat və kommunikasiya xətləri, yəni “Zəngəzur dəhlizi” kimi tanınan layihə haqqında bir-birləri ilə Rusiya olmadan danışırlar. Xatırlayırsınızsa, 2021-ci ildə Rusiya, Ermənistan və Azərbaycan arasında baş nazir müavinlərinin iştirakı ilə üçtərəfli hökumətlərarası komissiya yaradılmışdı. 2020-ci il noyabr razılaşmasına əsasən, bu istiqamətdə prosesə nəzarəti Rusiya FTX həyata keçirirdi.

İndi isə həm Ermənistan, həm də Azərbaycan bu formatdan imtina edir. Ermənistan öz ərazisində rusların olmasını istəmir. Azərbaycan da artıq buna isti baxmır. Məncə, bu, Azərbaycanla Rusiya arasında yaşanan gərginliyin səbəblərindən biridir.

Amma sual olunur: indi bu boşluğun yerini hansı ölkə dolduracaq? Düşünmürəm ki, bu tək bir ölkə olacaq. ABŞ müəyyən aktivlik nümayiş etdirir, lakin özlərini regionun əsas oyunçusu saymaq illüziyasına qapılmamalıdırlar. Onlar da digər oyunçularla eyni sıradadır.

Avropa İttifaqı da bu prosesdə iştirak edir. Türkiyə isə açıq-aydın güclü oyunçudur. Amma artıq regionda "tək böyük qardaş" yoxdur. Və məncə, bu da sağlam bir tendensiyadır.

- ABŞ-ın Zəngəzur dəhlizini 100 illik müddətə icarəyə götürmək təklifi danışıqların irəliləməsinə kömək edə bilərmi? Üçüncü tərəfin vasitəçiliyi olmadan Ermənistan və Azərbaycan arasında danışıqlar nə dərəcədə uğurlu ola bilər?

- Burada vasitəçiliklə texniki yardım arasında fərq qoymaq lazımdır. Mən düşünmürəm ki, tərəflər indi birbaşa vasitəçilik istəyirlər. Onların ehtiyac duyduğu “vasitəçilik” deyil, “fasilitasiya”, yəni texniki dəstək və yardım formasıdır. Bu da son illərdə Avropa İttifaqının təklif etdiyi şey olub, məsələn, texniki məsələlərə dair ideyalar təqdim etmək.

İndi ABŞ da bu sahədə təşəbbüs göstərir. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. ABŞ, şübhəsiz ki, böyük bir beynəlxalq oyunçudur və çəkisi var. Amma indiyədək irəli sürülmüş konkret təklif, yəni ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi ideyası nə Ermənistan, nə də Azərbaycan tərəfindən qəbul ediləcək.

Bu, çox güman ki, Tramp administrasiyasının “hər şeyi bir alqı-satqı kimi görən” yanaşmasının nəticəsidir. Onlarda peşəkar diplomatlar azdır və hər şey bir “müqavilə” kimi təqdim olunur. Xüsusilə də bu cür ərazilə bağlı razılaşma işlək model olmayacaq.

Amma ehtimal olunur ki, bu təklifin daha beynəlxalq və balanslı bir forması masa üzərindədir, məsələn, dəhlizə beynəlxalq konsorsium nəzarət etsin. Bu konsorsiumun tərkibində avropalılar, türklər, amerikalılar və ərəblər ola bilər. Lakin həm Ermənistan, həm də Azərbaycan bu marşrutda rusların və iranlıların olmasını istəmir, hər biri öz səbəblərinə görə.

- Ermənistan və Azərbaycan arasında sülh Rusiya üçün bu qədər əlverişsizdirsə, Rusiya bu razılaşmanın qarşısını almağa çalışırmı?

Aydındır ki, Ermənistan və Azərbaycan arasında Rusiya iştirakı olmadan imzalanacaq ikitərəfli sülh sazişi, xüsusilə də “Zəngəzur dəhlizi”ndə Rusiyanın iştirakı olmadan əldə ediləcək razılaşma, Moskva üçün əlverişli deyil.

Məncə, Rusiya bu cür razılaşmanın qarşısını almaq üçün səylərini artıracaq və onun əvəzinə daha çox Rusiyanın nəzarətində olan bir modelin qəbul edilməsində israr edəcək.

Burada daha bir mühüm hadisə Sergey Kiriyenkonun rolunun artmasıdır. O, Kremlin birinci administrasiya rəhbəri müavini olaraq yalnız Abxaziya ilə deyil, artıq Ermənistanla bağlı məsələlərlə də məşğul olmaq səlahiyyəti qazanıb. Biz Rusiyanın daha aqressiv taktikalara keçdiyini görürük.

Bir neçə həftə əvvəl Ermənistanda baş nazir Paşinyan iki yepiskopun iştirak etdiyi çevriliş cəhdindən danışdı. Onların Rusiyapərəst olub-olmadığı bəlli deyil, amma bu planda mütləq Rusiya elementi var idi.

Beləliklə, bəli, biz görürük ki, Rusiya və Kiriyenko kimi şəxslər baş nazir Paşinyandan qurtulmaq üçün səylərini artırırlar. Aydındır ki, Paşinyan gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərinə hazırlaşır və onun məqsədi Ermənistanı Rusiyadan tam ayırmaq olmasa da, bu asılılığı əhəmiyyətli dərəcədə azaltmaqdır.

Düşünürəm ki, Rusiya bu seçkilərə müdaxilə etməyə çalışacaq.

Amma burada Rusiya üçün ciddi bir risk var: əgər onlar Paşinyanı güc yolu ilə devirməyə cəhd göstərsələr və bu uğursuz alınsa, bu, Ermənistan–Rusiya münasibətlərini dramatik şəkildə daha da pisləşdirəcək.

Yəni Rusiyanın əslində bir şansı var və bu, çox təhlükəli və qeyri-müəyyən şansdır. Həm də bu sual ortaya çıxır: Rusiyanın etibar edə biləcəyi real alternativ kimdir? Paşinyanın populyarlığı əvvəlki kimi deyil, amma Rusiyanın dəstək verdiyi əsas müxalifət lideri (sabiq prezident və baş nazir Robert Koçaryan) ondan da az populyardır. Və erməni cəmiyyəti Koçaryanın hakimiyyəti dövrünü təzyiq və repressiya dövrü kimi xatırladığı üçün ora qayıtmaq istəmir.

- Paşinyan hakimiyyətdən getsə, onun mirası nə olacaq? Sizcə, o, baş nazir kimi əsas nəyə nail olub?

Paşinyanın fəaliyyəti çox qarışıq qiymətləndirilir. O, müharibəni aparan və Qarabağı itirən liderdir, bu isə onun adına böyük bir mənfi qeyd olaraq yazılıb. İndiyədək nə Azərbaycanla, nə də Türkiyə ilə aparılan danışıqlardan ciddi nəticə əldə edə bilib.

Amma Paşinyan Ermənistanın düşüncə tərzində köklü dəyişiklik etməyə çalışır. O, “tarixi Ermənistan” anlayışından, yəni keçmişin xatirələrinə əsaslanan yanaşmadan uzaqlaşaraq, diqqəti tanınmış sərhədlər daxilində real bir dövlət qurmağa və onu möhkəmləndirməyə yönəldir.

Erməni xalqının baxış bucağını dəyişmək və onları gələcəyə fokuslamaq onun əsas ideyasıdır, 

Bu mesajla nə dərəcədə uğur qazanacağı bir neçə faktordan asılı olacaq: ölkə iqtisadiyyatının durumu, Avropadan və başqa beynəlxalq tərəfdaşlardan nə qədər dəstək alacağı və ən əsası, Azərbaycan və Türkiyənin hansı jestləri edəcəyi. Bunların hamısı mühüm rol oynayacaq.

Seçkilərə təxminən bir il qalır və bu müddətdə çox şey dəyişə bilər. Ona görə də, Paşinyanın mirası hələ tam müəyyənləşməyib.

- Ermənistan Moskva ilə məsafə saxlamasına baxmayaraq, Rusiya hələ də Gümrüdə hərbi baza saxlayır və Ermənistanın sərhədlərini rus sərhədçilər qoruyur. Sizcə, Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun gələcəyi necə olacaq?

- Hazırda qüvvədə olan razılaşmaya əsasən, Rusiyanın Gümrüdəki hərbi bazası ən azı 2044-cü ilə qədər orada qalmalıdır. Ona görə də düşünmək ki, Ermənistan Rusiyadan bütün əlaqələri kəsmək istəyir, bu, yanlış olardı. Ermənistanın Rusiya ilə iqtisadi asılılığı hələ də çox güclüdür.

Paşinyan bu ilin 9 May Qələbə Günündə Moskvaya getməklə də bunu göstərdi. Həmçinin Gümrüdəki bazada yalnız rus hərbçiləri deyil, erməni əsgərləri də xidmət edir, bu, qarışıq tərkibli bir bazadır. Lakin Ermənistan üçün prioritet məsələ həmin bazanın çıxarılması deyil.

Daha vacib məsələ Ermənistanın sərhədlərinə nəzarətin öz əlinə keçməsidir – yəni Türkiyə və İranla sərhədlərdə rus yox, erməni sərhədçilərin xidmət aparması. Ona görə də bu, Qərbə yönəlmiş tam bir dönüş deyil.

Ermənistan sadəcə daha balanslı xarici siyasət yürütməyə çalışır, yəni bir ölkədən (Rusiyadan) tam asılı olmamaq istəyir Onlar anlayırlar ki, Qərb coğrafi baxımdan uzaqdır. Hazırda Hindistan onlar üçün yeni və vacib tərəfdaşa çevrilib, Körfəz ölkələri ilə də əlaqələri inkişaf etdirməyə çalışırlar. Son 30 ildə təkcə Rusiyaya güvənməyin böyük bir səhv olduğunu indi daha aydın dərk edirlər.

Elnur Əmirov

Seçilən
10
1
modern.az

2Mənbələr