AZ

Müqəddəs yer boş qalmır: Cənubi Qafqazda qaydalar dəyişir - MÜSAHİBƏ

BAKI, 25 iyul. TELEQRAF

Politoloq İlqar Vəlizadə Teleqraf-a müsahibəsində Azərbaycanla Rusiya arasındakı gərginlik, ABŞ-nin bölgəyə artan marağı, Zəngəzur dəhlizinin icarə əsasında açıla bilməsi ətrafındakı mövzulardan danışıb.

Onunla müsahibəni təqdim edirik:

- İlqar bəy, Rusiya Azərbaycan gərginliyi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz, mövcud gərginlik qədər davam edə bilər?

- Azərbaycan Rusiya münasibətlərinin indiki gərgin durumunun nə vaxta qədər davam edəcəyi daha çox Kremldən asılıdır. Burada Azərbaycandan asılı olan bir məsələ yoxdur. Azərbaycanın bu məsələdə tələbləri bəllidir. Münasibətlərin korlanmasına səbəb Azərbaycanın mülki təyyarəsinin (2024-cü dekabrın 27-də) Rusiyanın hava məkanında vurulmasındən sonra bir sıra məsələlərin həllni tapmaması ilə bağlıdır. Bundan sonra da iki ölkə arasında münasibətlər daha da gərginləşib. Rusiyanın media məkanında da Azərbaycana qarşı təbliğat aparılır. Təəəsüf ki, bu qara piar kampaniyası hələ də davam edir. Azərbaycana qarşı loyyalıq göstərən, rusiyalı ekspertlər, iş adamları belə hədəf alınır, onlara təzyiqlər edilir. Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, tanınmış jurnalist Mixail Qusmanın vəzifədən azad edilməsi də bu kampaniyanın tərkib hissəsidir.

- ABŞ-nin Cənubi Qafqaza artan marağı nə ilə bağlıdır? Kremlin bölgədə mövqelərinin zəifləməsi ilə bunun arasında bir bağlantı varmı?

- Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsi fonunda bu bölgədən uzaq dövlətlər Cənubi Qafqaza daha çox maraq göstərməyə başlayıblar. Bu da təbiidir. Müqəddəs yer boş qalmır. Rusiyanın zəifləmiş mövqeyindən istifadə edərək, bəzi ölkələr, xüsusilə ABŞ regiona daha çox maraq göstərir və buradakı proseslərə tənzimləməyə çalışır. Keçmiş prezident Cozef Bayden administrasiyası dövründə Azərbaycan-Amerika münasibətləri yaxşı deyildi. Artıq post-Bayden dövründə, yəni, Prezident Donald Tramp dönəmində Bakı-Vaşinqton münasibətləri yaxşılaşmağa başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə Qlobal Media Forumdakı çıxışı da bundan xəbər verir. Hazırda iki ölkə arasında dialoq intensivləşib. Sözsüz ki, Azərbaycanın Amerika siyasətindəki rolu təkcə Cənubi Qafqazla bağlı deyil. Bu yanaşmalar Qərbi Asiyada və ondan daha böyük regionda artmaqdadır. ABŞ Azərbaycanı özün üçün etibarlı tərəfdaş hesab edir.

- Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə ABŞ-dən verilən mesajların təsiri ola bilərmi? Ağ Ev Bakı ilə İrəvan arasında qalıcı sülhün əldə olunmasında nə dərəcədə maraqlıdır?

- ABŞ-nin Ermənistanla da münasibətləri yaxşıdır. Bu vəziyyətdən istifadə edərək, Ağ Ev region oyunçuları üçün özünün yardımını təklif edir. Hazırda Ermənistan-Rusiya münasibətləri də gərgindir. Bu da Amerikanın bölgədə hər tərəflə yaxşı münasibətlər yaratmasında üstünlük hesab edilir. Vaşinqton Bakı və İrəvanla münasibətləri normal məcrada saxlamaq istəyir.

- Dəhlizlə bağlı əsas təkliflər onun icarə əsasında açılması ilə bağlıdır. Burada əsas mexanizm nədən ibarətdir?

- Zəngəzur dəhlizi ilə bağlı təkliflər də ABŞ-nin burada öz maraqlarını daha önə çəkməsi ilə bağlıdır. Sözsüz ki, bu çox həssas bir məsələdir. Azərbaycan tərəfi və digər oyunçuları burada görmək istəmir. Amma digər məsələlərdə Amerika Azərbaycana və Ermənistana köməklik göstərə bilər. Regional münasibətlər sistemində ABŞ-nin mövqeyi Bakı və İrəvanın rolu artırılması, iki ölkə arasında sülh sazişinin imzalanması fonunda müsbət hal kimi dəyərləndirilir.

Seçilən
13
teleqraf.com

1Mənbələr