AZ

Çində ŞƏT-in Media və Düşüncə Mərkəzləri Sammiti keçirilir

 

Cıncou, 25 iyul, AZƏRTAC

Çinin Hınan əyalətinin Cıncou şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Media və Düşüncə Mərkəzləri Sammiti

işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Sinxua agentliyinin, Çin İctimai Elmlər Akademiyasının və Hınan əyalət hökumətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ŞƏT-in üzvü, müşahidəsiçi və dilaoq tərəfdaşı olan ölkələrin dövlət rəsmiləri, media qurumlarının rəhbərləri, alimlər, araşdırma mərkəzlərinin ekspertləri, jurnalistlər olmaqla, ümumilikdə 400-dən çox nümayəndə iştirak edir.

Tədbirdə Aazərbaycanı Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), Azərbaycan Milli Elmlər Akademiyasının və Dövlət İqtisad Universitetinin nümayəndələri təmsil edirlər.

Açılış mərasimində çıxış edən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat departamentinin direktor müavini, Dövlət Şurasının İnformasiya Ofisinin rəhbəri Mo Qaoyi, Sinxua agentliyinin prezidenti Fu Hua, Çin İctimai Elmlər Akademiyasının vitse-prezidenti Pen Cinhuy və başqaları dəyişən dünyada davamlı inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından sammitin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, ŞƏT ailəsinə daxil olan ölkələrin media qurumlarının, elm və araşdırma mərkəzlərinin sıx əməkdşalığı birgə inkişafın gücləndirilməsinə töhfə verəcək.

Mərasimin sonunda ŞƏT-in Media və Düşüncə Mərkəzləri Sammitinin Cıncou Konsensusu açıqlanıb.

İyulun 27-dək davam edəcək sammit çərçivəsində strateji uyğunluğun gücləndirilməsi və qarşılıqlı siyasi etimadın dərinləşdirilməsi, regional təhlükəsizliyin qorunması və qlobal çağırışlara cavab verilməsi, ortaq tərəqqi üçün praktiki əməkdaşlığın genişləndirilməsi, xalqlar arasında mübadilənin gücləndirilməsi və sivilizasiyaların qarşılıqlı öyrənilməsinin təşviq olunması, həmçinin çoxtərəfliliyin təşviqi, bərabərlik və ədalətin qorunması mövzularında panel iclaslar keçirilir.

Qeyd edək ki, 2001-ci ildə yaradılan ŞƏT-in hazırda 10 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran və Belarus), 2 müşahidəçisi (Əfqanıstan və Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın da son illər ŞƏT ilə əlaqələri genişlənir. Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib. Ölkəmizlə təşkilat arasında mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində təşkil edilən müxtəlif tədbirlərdə fəal təmsil olunub. Prezident İlham Əliyev təşkilatın 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada keçirilən sammitlərində iştirak edib. Astana sammiti çərçivəsində keçirilən görüş zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi ŞƏT-in 2025-ci ildə Çində təşkil olunacaq Zirvə toplantısına dəvət edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Cıncou

Seçilən
9
azertag.az

1Mənbələr