2022-ci ilin fevralında başlayan Rusiya–Ukrayna müharibəsi artıq üçüncü ilinə qədəm qoysa da, regionda sülh üfüqdə görünmür. İyul ayında cəbhədəki dinamika daha da gərginləşib. Savaşın ilk mərhələlərinə bənzər şəkildə tərəflər bir-birinə ağır zərbələr endirirlər. Diplomatik danışıqlar platformasında isə nəticəsiz və formallıqdan uzağa getməyən təşəbbüslər davam edir.
Mövzu ilə bağlı beynəlxalq əlaqələr üzrə ekspert Cavanşir Abbaslı bu prosesi analiz edərək Editor.az-a bir sıra mühüm məqamları diqqətə çatdırıb.
Cavanşir Abbaslının fikrincə, Rusiya ilə Ukrayna arasında planlaşdırılan istənilən görüşdə real nəticə əldə olunacağı inandırıcı deyil:
“Xüsusilə, iyul ayı həm Rusiya, həm də Ukrayna üçün savaş baxımından ağır keçir. Tərəflər arasında döyüşlərin intensivliyi artmaqda davam edir və proses müharibənin ilk aylarındakı vəziyyəti xatırladır”.
Ekspert bildirib ki, Rusiya müharibə meydanında ağır itkilərlə üzləşsə də, mərhələli şəkildə irəliləməyə nail olur:
“Məhz bu şəraitdə Kreml tək tərəfli diktə ilə atəşkəs istəyir və bu atəşkəs yalnız Zelenskinin kapitulyasiya sənədinə imza atması halında mümkün görünür. Vladimir Putin üçün bu mərhələdə yeganə siyasi məqsəd – Ukraynanın təslimçiliyini təmin etməkdir. Bu, Rusiya liderinin strateji mövqeyini daha da möhkəmləndirə bilər”.
“Rusiya nümayəndəsi Vladimir Medinski son açıqlamalarında sanki daha yumşaq ritorika sərgiləyərək, Putin–Zelenski görüşünün planlaşdırılsa mümkün olacağını deyib. Lakin Abbaslı bu mövqeyin yalnız bir şərt daxilində – Zelenskinin kapitulyasiyaya razılığı ilə baş tuta biləcəyini vurğulayır.
Əks təqdirdə, iki liderin eyni masa arxasında əyləşməsi yaxın perspektivdə real görünmür. Bundan əlavə, Kremlin hələ də Zelenskini “qeyri-legitim” lider kimi təqdim etməsi də belə bir görüşün qarşısını alan əsas səbəblərdəndir”,-deyə Cavanşir Abbaslı bildirib.
Ekspertin fikrincə, prezidentlər səviyyəsində olmasa da, tərəflərin nümayəndə heyətləri arasında texniki səviyyədə atəşkəs danışıqları baş tuta bilər:
“Bu, daha çox beynəlxalq ictimaiyyətə “sülh niyyəti” mesajı vermək məqsədi daşıyacaq. Kreml zaman qazanmaq istəyir. Kreml bu kimi danışıqları sadəcə zaman qazanmaq və savaşı uzatmaq üçün istifadə edir. Məqsəd – Qərb ölkələrinin Ukraynaya yardım tempini azaltmaq və Kiyevin arxasında duran dəstək dalğasını zəiflətməkdir”.
Ekspertin fikrincə, Rusiya–Ukrayna müharibəsinin yaxın vaxtlarda başa çatacağı inandırıcı deyil: “Əksinə, bu savaş 2026-cı ilə keçə və hətta 4 illik dövrəsi “qeyd oluna” bilər. Mövcud dinamika bunu göstərir”.
//Gülnarə Abasova, Editor.az