Bakı, 25 iyul, AZƏRTAC
Şimali Makedoniyanın "Lyuboten" komandasına keçən qadın futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi Milana Rəhimova AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- "Lyuboten" klubuna keçidiniz necə reallaşdı?
-Son mövsümü Türkiyə təmsilçisi “Ünyespor”da keçirmişdim. Hər zaman daha böyük komandalarda çıxış etmək istəyirdim. Menecerim Şimali Makedoniyadan təklifin olduğunu bildirdi. Mən də danışıqlardan sonra müqavilə bağladım. Başqa ölkələrdən də təkliflərim var idi.
- Hansı ölkələrdən transfer təklifləri almışdınız?
-Türkiyə, Kipr və Qazaxıstandan ciddi təkliflər gəlirdi. Lakin həmin ölkələrin klubları mənim hədəflərimə uyğun deyildi. Şimali Makedoniyada Avropanın böyük çempionatlarına çıxmaq daha rahat olur. Bu komanda gələcək hədəflərimə çatmağıma kömək olacaq. Məqsədim İngiltərə və digər böyük liqalarda oynamaqdır.
- Şimali Makedoniyada qadın futboluna olan maraq hansı səviyyədədir?
-Günü-gündən liqa inkişaf edir. Milli komandalarda çıxış edən futbolçular burada çoxluq təşkil edir. "Lyuboten"də Yaponiya, Braziliya və Nigeriyadan olan oyunçular var. Hiss olunur ki, burada qadın futboluna yatırım yaxşı səviyyədədir. Qarşıda bizi Çempionlar Liqası gözləyir.
- Oynayacağınız klubda Azərbaycan qadın futbolu barədə məlumat varmı?
-Bəli, prezident və baş məşqçimiz qadın futbolunu yaxşı bilir. Onlar Azərbaycan millisinin oyunlarını izləyiblər və yığmanın nəticələri ilə tanış olublar. Yığmanın uğurlu çıxışı mənimlə yanaşı, digər yerli qızlara da marağı artırır.
- Komanda olaraq Çempionlar Liqasındakı hədəfləriniz nədir?
- Hədəfimiz daha da irəli getməkdir. Beynəlxalq yarışlarda uğurlu çıxış etmək futbolçuların gələcək karyerasına da müsbət təsir göstərir.