Bakı, 25 iyul, AZƏRTAC
Bu gün Xorvatiyanın Osiek şəhərində XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində gimnastika yarışlarının final mərhələsinə start veriləcək.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilk turda Azərbaycan millisinin üzvü Albina Əliyeva idman gimnastikası üzrə fərdi çıxışlarda dayaqlı tullanma növündə 12.900 xalla 8-ci yerə layiq görülüb. Finala vəsiqə qazan gimnast bu gün fərdi çıxışlarda eyni növdə mübarizə aparacaq.
Qeyd edək ki, komanda yarışlarında Albina Əliyeva 45.900 xalla 37-ci, Aynaz Məcidzadə 43.550 xalla 67-ci, Leyla Məmmədzadə isə 28.150 xalla 98-ci sırada yer alıb. Bu nəticə ilə gimnastlarımız komanda hesabında 19-cu yerə layiq görülüblər.
Gimnastika yarışları Xorvatiyanın Osiek şəhərində yerləşən “Qradski Vrt” yarış zalında keçirilir.