“Zəngəzur dəhlizi məsələsi regional səviyyədə mühüm məsələ olduğu kimi, eyni zamanda geosiyasi xarakter də daşıdığı üçün dəhlizin açılması hərtərəfli razılıq tələb edir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Azər Qasımov bildirib. Ekspert qeyd edib ki, son vaxtlar bu məsələdə beynəlxalq güclərin də aktivliyinin artması müşahidə edilir:
“Regional və beynəlxalq güclərin dəhliz məsələsindəki aktivliyi artıb. Bu güclərin hər iki ölkə üçün təkliflərinin məqbul variantları götür-qoy edilməlidir, dəyərləndirilməlidir və ya ikitərəfli razılıq mexanizmi tətbiq edilməlidir. İlin sonuna kimi Zəngəzur dəhlizinin açılmasından yox, dəhlizin xarakteri və razılıq barəsində müqavilə imzalamasından söz gedə bilər. İlk növbədə ona görə ki, texniki olaraq ilin sonuna razılıq olsa belə dəhlizin inşa edilib açılması mümkün deyil.
Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması barəsində sülh müqaviləsindən kənar müqavilə imzalanmalıdır. Azərbaycan çoxdan bu məsələni sülh müqaviləsi mətnindən çıxarılmasına razılıq verib. Amma dəhliz barəsində müqavilənin sülh müqaviləsindən əvvəl imzalanacağına ehtimal vermirəm. Sülh məsələsi isə Ermənistanın Azərbaycanın tələblərinə əsasən yerinə yetirəcəyi məsələlərdən sonra mümkün olacaq. Bu da gələn ilin axırlarına yaxın mümkün ola bilər.
Məntiqlə dəhliz məsələsi aralarında sülh olan iki ölkə arasında ola bilməsi mümkün olan haldır. Bütün hallarda iki müharibə vəziyyətində olan ölkə arasında hansısa nəqliyyat marşrutlarının açılması məsələsi mümkün deyil. Çünki böyük ehtimalla Zəngəzur dəhlizi açılacaqsa, Ermənistan iki ölkə arasında digər marşrutların da açılmasını bu müqaviləyə salınmasını istəyəcək. Bu marşrutların statusu fərqli olsa belə. Göründüyü kimi, açıq qalan məsələlər hələ çoxdur. Tək reallıq Azərbaycanın tələb etdiyi maneəsiz keçid tələbidir. Hesab edirəm ki, bunun belə olacağına şübhə yoxdur. Sadəcə, proses iştirakçıları öz maraqlarını razılaşdırmalıdırlar. Əks halda Azərbaycan məqamı gələndə özü yenidən inisiativi öz əlinə alacaq. 44 günlük müharibə dövründə olduğu kimi”.
Seymur ƏLİYEV