ABŞ Dövlət Departamentinin, Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda Kiyev rəhbərliyinə 330 milyon ABŞ dolları dəyərində hərbi avadanlıq və xidmət satışını təsdiqlədiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Pentaqona tabe olan Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyinin (DSCA) yaydığı yazılı açıqlamada, Dövlət Departamentinin Ukraynaya bu məbləğdə silah və xidmət satışına razılıq verdiyi qeyd olunub.
Açıqlamada 180 milyon dollarlıq satışın Ukraynanın hazırda sahib olduğu ABŞ istehsalı hava hücumundan müdafiə sistemlərinin texniki xidməti və yenilənməsi, eyni zamanda bu sistemlərin istifadəsi ilə bağlı heyətin təlimi fəaliyyətlərini əhatə etdiyi bildirilib.
150 milyon dollarlıq digər satışla isə ABŞ istehsalı olan “M109” özüyeriyən haubitsaların texniki xidmət, təmir və modernizasiyası həyata keçiriləcək.
Bu satışın Ukraynanın mövcud və gələcək təhdidlərə qarşı özünü müdafiə qabiliyyətini artıracağına diqqət çəkilən açıqlamada, bu barədə ABŞ Konqresinin də məlumatlandırıldığı qeyd olunub.
Konqresə təqdim edilən silah satışı təsdiqlərinə 15 günlük etiraz müddəti verilir. Bu müddət ərzində Konqresdən heç bir etiraz gəlməzsə, silah satışı rəsmiləşmiş olur.
ABŞ Dövlət Departamenti dünən verdiyi başqa bir açıqlamada isə Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini artırmaq və zirehli döyüş texnikası təmin etmək məqsədilə Kiyevə 322 milyon dollarlıq silah satışının təsdiq edildiyini bildirmişdi.