BAKI, 25 iyul. TELEQRAF
Azərbaycan Xalq Partiyasının (AXP) sabiq sədri Pənah Hüseyn Teleqraf-a müsahibəsində Ermənistanla sülh prosesi, Zəngəzur dəhlizinin icarə əsasında açılması, region dövlətlərinin yanaşması və digər mümkün ssenarilərdən danışıb.
Onunla müsahibəni təqdim edirik.
- Pənah bəy, Azərbaycanla Ermənistan arasında sülh prosesinə dair müsbət mesajlar verilir. ABŞ tərəfindən Bakı ilə İrəvan arasında sülh və Zəngəzur dəhlizinin icarə əsasında açılması bəyanatları nədən xəbər verir?
- Son zamanlar Rusiyanın Azərbaycana və Ermənistana qarşı fərqli siyasi kurs seçməsi fonunda bölgədə sülh və stabillik üçün müəyyən xarici aktorların rolu önə çıxır. Bu baxımdan ABŞ və digər aktorların indiki məqamda bu prosesdə iştirakı Rusiya və İranın mövqeyini neytrallaşdırmaq baxımından təsirli rol oynaya bilər. Amma burada əsas ağırlıq region ölkələrinin, konkret olaraq Azərbaycanın üzərinə düşür. Hər halda ABŞ-nin Cənubi Qafqaza marağının artması və Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dair verilən açıqlamalar, eyni zamanda, Prezident İlham Əliyevin Xankəndidəki çıxışının Amerika Prezidenti Donald Trampın sosial media hesabında yayımlanmasının özü ölkəmiz üçün diplomatik uğur sayıla bilər.
- Sülhlə bağlı müsbət mesajlar var, onun nə vaxt və hansı şərtlər daxilində imzalanacağı sualı isə açıq qalır. Sizcə, Bakı və İrəvanın yaxın zamanlarda sülh masasına oturması gözlənilirmi?
- Pinsipcə, indi yaranmış vəziyyətdə Azərbaycanın 2020 və 2023-cü illərdə əldə etdiyi hərbi qələbələrinin hüquqi təsbitinə ehtiyac yaranıb. Ona görə də bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını daha faydalı hesab etmək olar. Sözsüz ki, deklorativ, yəni görüntü naminə olacaq sülh sazişinin imzalanmasına ehtiyac yoxdur. Azərbaycanın maraq və mənafelərini özündə təsbit edən sülh sazişinin imzalanması daha doğrudur. İndiki şərtlər daxilində razılaşdırılmış sülh sənədinin paraflanması, yəni, ilkin olaraq çərçivə sazişinin imzalanması da prosesə və təhlükəsizliyin təminatına müsbət töhfə verə bilər.
- Zəngəzur dəhlizinin ABŞ-nin hansısa şirkətinin icarəyə götürməsi əsasında açılmasına region dövlətlərinin, konkret olaraq İran və Rusiyanın münasibəti necə olacaq?
- Əslində, İranın ağılı başında olsa idi, Amerikanın bu bölgəyə gəlməsinə ehtiyac qalmazdı. Vaşinqtonun Cənubi Qafqaza nüfuz etməsinin bir səbəbi və buna region dövlətlərinin maraq göstərməsi İranın Zəngəzur dəhlizi məsələsində tutduğu qeyri-konstruktiv mövqeyi ilə xeyli dərəcədə bağlı olan bir məsələdir. Rusiyanın da bu məsələdə rolu az deyil. Əgər İran bu məsələdə manevr üçün imkan qoymursa, günahı özündə axtarmalıdır.
- Dəhlizlə bağlı optimal variant nədən ibarətdir?
- Ən ideal variant Azərbaycan və dəhlizin keçəcəyi ölkə kimi Ermənistan əsas rolda çıxış etməlidir. Amma reallıq fərqlidir. Bunu da yaradan Rusiya və İranın mövqeyidir. Belə olan halda dəhlizin işləməsi üçün başqa bir yol qalmır. Sözsüz ki, bunun üçün hələ zaman var. Amma bunun fonunda Xəzər dənizində Rusiya və İranın hərbi təlim keçirməsi heç də düzgün mövqe deyil. Əksinə, Rusiya və İran öz mövqeyini dəyişməlidir. Hər iki tərəf Azərbaycanın və Ermənistanın mövqelərini nəzərə alan xətt götürməlidir.