AZ

IV ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent: Müalicə işi fakültəsində təhsil almaq istəyirəm

Bakı, 25 iyul, AZƏRTAC

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında IV ixtisas qrupu üzrə maksimum nəticəni göstərən – 700 bal toplayan abituriyentlərdən biri Şəki rayon Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin məzunu Orxan Abdulsəmədli olub. O, hər iki mərhələnin cəmi üzrə bu nəticəyə imza ataraq ölkə üzrə seçilən abituriyentlər sırasına daxil olub.

AZƏRTAC-a müsahibəsində Orxan bildirir ki, məktəb illəri boyunca dərslərinə məsuliyyətlə yanaşıb və imtahanlara hazırlığa isə daha ciddi şəkildə IX sinifdən başlayıb: “İmtahanda fənlərin çətinlik dərəcəsini eyni hesab edirdim. Amma kimya suallarında bir qədər çətinlik çəkdim”.

Hədəfi Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almaq olan Orxan gələcəkdə akademik yolunu xaricdə davam etdirmək niyyətindədir.

Yüksək nəticənin təsadüf olmadığını vurğulayan abituriyent həmyaşıdlarına da tövsiyə verir: “Qarşınıza hədəf qoyun və nə olursa-olsun, bu məqsəd uğrunda çalışın. Ətrafda baş verənlərə baxmayaraq, özünüzə olan inamınızı heç vaxt itirməyin. Çünki hər zaman hər şey yaxşı olmur, amma inamla hər şey düzəlir”.

Müsahibimiz imtahanlara yaxın dövrdə asudə vaxtının olmadığını desə də, daha əvvəlki illərdə futbol oynamaqla məşğul olduğunu söyləyir.

Onun elm sahəsində də uğurları diqqətəlayiqdir. Respublika fənn olimpiadalarında bir neçə dəfə iştirak edən Orxan final mərhələsinə qədər yüksəlib. VII sinifdə isə fizika fənni üzrə respublika olimpiadasında gümüş medal qazanıb. Xatırladaq ki, Orxanın birinci cəhd üzrə də ümumi balı yüksək - 693.5 bal olmuşdu.

 

Seçilən
41
41
azertag.az

10Mənbələr