Tarixində ilk dəfə avrokuboklarda mübarizə aparan “Araz-Naxçıvan” Avropa macərasına uğurlu start verib. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv II təsnifat mərhələsinin ilk oyununda “Aris”ə qalib gəlib – 2:1.
Görüşdən öncə favorit göstərilən yunanları bütün komponentlərdə üstələyən, xüsusilə ikinci hissədə böyük təzyiqlə hücumlar edən “Araz-Naxçıvan” hesabda geri düşməsinə baxmayaraq, yekunda sevinən tərəf oldu. “Aris”i qolundan sonra motivasiyadan düşməyən, əvəzində ardıcıl qollar vuran, 3-cü qola yaxınlaşan naxçıvanlıların performansı göz oxşadı.
Baxşıyev yaxşı kollektiv formalaşdırıb. Müdafiədən hücuma sürətli çıxan və kəsərli epizodlar yaradan “Araz-Naxçıvan” cavab matçında bu performansı davam etdirə bilsə, mərhələni keçən tərəf olacaq.
Yeni transferlər Boli, Patrik Andrade, Simakala pis təsir bağışlamadı. Xüsusilə yarımmüdafiəçi Andrade təcrübəsi hesabına orta xəttə nəzarəti komandasında saxlamağı bacardı.
“Aris”in təhlükəli tərəflərini öncədən təhlil edən və rəqibin əlini-qolunu bağlayan “Araz-Naxçıvan” yaxşı oyunla layiqli qələbəsini qazandı. Start uğurludur, qalır davamını gətirmək.