Dünyanın ən sıx əhalisi olan iki ölkəsi - Hindistan və Çin arasında diplomatik münasibətlərdə yeni bir mərhələyə qədəm qoyulub.
"Cebheinfo.az" xəbər verir ki, Hindistanın Pekindəki səfirliyi 24 iyul cümə axşamı günündən etibarən Çin vətəndaşlarının turistik viza üçün müraciət edə biləcəyini bildirib.
Çin xarici işlər nazirliyinin sözçüsü Guo Jiakun bu inkişafı “bütün tərəflərin ortaq maraqlarına uyğun” olaraq qiymətləndirib:
“Çin Hindistanla insan resurslarının mübadiləsini asanlaşdırmağa və ünsiyyəti davam etdirməyə hazırdır”.
Xatırladaq ki, iki ölkə arasındakı münasibətlər, 2020-ci ilin iyun ayında Ladakh bölgəsində yerləşən Qalvan vadisində baş verən ölümcül toqquşma ilə kəskin şəkildə pisləşmişdi. Sərhəddə əsgərlər arasında baş verən qarşıdurmada azı 20 Hindistan və 4 Çin əsgəri həlak olmuşdu. Bu hadisə 1962-ci ildəki müharibədən sonra baş verən ilk ölümcül sərhəd qarşıdurması olmuşdu.
Bundan sonra Hindistan Çin mənşəli onlarla mobil tətbiqi qadağan etmiş, Çin sərmayələrinə daha sərt nəzarət tətbiq etmiş və iki ölkə arasındakı birbaşa uçuşları dayandırmışdı. Eyni dövrdə pandemiya səbəbilə turistik vizalar da dayandırılmışdı.
Çin isə 2025-ci ilin mart ayında Hindistan vətəndaşları üçün tətbiq etdiyi turistik viza məhdudiyyətini ləğv etmiş, ardından tərəflər birbaşa uçuşların bərpası istiqamətində işə başlamışdı. Hindistanın bu addımı xüsusilə turizm və ticarət sahələrində müsbət qarşılanıb.
Mütəxəssislər bu qarşılıqlı addımların regional sabitlik və iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətli olduğunu vurğulayırlar.