AZ

Deputat: Tələbələrin təqaüdünün artırılması dövlətin gənclərin təhsilinə verdiyi önəmin növbəti təzahürüdür

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış iki mühüm sənəd – “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncama edilən dəyişiklik və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmana edilən əlavə və dəyişikliklər – Azərbaycan dövlətinin təhsilin bütün pillə və səviyyələrində oxuyan tələbələrə göstərdiyi sistemli və ardıcıl qayğının bariz nümunəsidir. Bu, ölkəmizdə təhsilin inkişafına və gənc nəslin dəstəklənməsinə yönəlmiş ardıcıl və məqsədyönlü dövlət siyasətinin növbəti təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi və insan kapitalının gücləndirilməsi ölkənin sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən birini təşkil edir. Sözügedən sənədlərlə, 2025-ci il sentyabrın 1-dən etibarən Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün Prezident təqaüdünün məbləği 270 manatdan 350 manata yüksəldilib. Bununla yanaşı, doktorantlara, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən digər dövlət təqaüdləri də artırılıb. Bütün bunlar təhsil alan gənclərin sosial rifahının yaxşılaşdırılması, onların maddi təminatının gücləndirilməsi və təhsilə maraqlarının artırılması istiqamətində atılmış əhəmiyyətli addım kimi dəyərləndirilməlidir.

Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərdən biri təhsil siyasətidir. Eyni zamanda, gənclər dövlət siyasətində strateji hədəf qrupu kimi müəyyən olunur və onların inkişafı, təhsili və cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan da təqaüdlərin artırılması ilə bağlı verilmiş qərarlar dövlətin gənclərə olan inamının, onların intellektual potensialına göstərilən siyasi və mənəvi dəstəyin real ifadəsidir. Bu istiqamətdə ardıcıl olaraq həyata keçirilən islahatlar, maddi stimullaşdırma mexanizmlərinin genişləndirilməsi və təhsil alan şəxslərin rifahının yüksəldilməsinə yönəlmiş qərarlar ölkənin gələcək inkişaf strategiyası ilə uzlaşdırılır. Təqaüdlərin artırılması da məhz bu strateji baxışın davamı və konkret təzahürüdür

Tamam Cəfərova xüsusilə qeyd edib ki, qlobal miqyasda insan kapitalının gücləndirilməsi rəqabətqabiliyyətli dövlətlərin əsas inkişaf meyarına çevrilib. Bu kontekstdə təhsil alan gənclərə verilən maddi dəstəyin artırılması onların bilik və bacarıqlarının daha səmərəli inkişaf etdirilməsinə imkan yaradır. Məhz bu baxımdan, təqaüdlərin məbləğinin artırılması təkcə sosial dəstək tədbiri deyil, eyni zamanda, elmi, texnoloji və iqtisadi sahələrdə ixtisaslaşmış kadrların formalaşmasına yönəlmiş kompleks tədbirlər sisteminin bir hissəsidir. Təhsil sahəsində dövlətin həyata keçirdiyi təqaüd siyasəti həm də sosial ədalətin təmin olunmasına yönəlib. Aztəminatlı ailələrdən olan tələbələrin keyfiyyətli təhsilə əlçatanlığının artırılması, onların təhsil xərclərinin qismən kompensasiya olunması dövlətin sosial rifah siyasətinin mühüm komponentlərindən biridir. Təqaüd məbləğlərinin artırılması bu baxımdan da mühüm əhəmiyyət kəsb edir.

“2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək yeni təqaüd məbləğləri ilə bağlı qəbul olunmuş fərman və sərəncamlar dövlətin təhsil alan gənclərə göstərdiyi diqqətin davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Təqaüdlərin artırılması təkcə sosial dəstək tədbiri deyil, həm də təhsilin keyfiyyətinin yüksəldilməsinə, insan kapitalının inkişafına və ölkənin strateji məqsədlərinə xidmət edən mühüm addımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil siyasəti, milli inkişaf modelinin əsas dayaqlarından biri olaraq gələcək nəsillərin bilikli, vətənpərvər və yüksək ixtisaslı kadrlar kimi formalaşmasına xidmət edir”, - deyə deputat bildirib.

Seçilən
42
azertag.az

1Mənbələr