AZ

Azərbaycanda ikinci əl avtomobil bazarı zəifləyir - Ekspert

BAKI, TurkicWorld

Azərbaycanda ikinci əl avtomobil bazarının payı azalmağa, yeni, xüsusilə Çin istehsalı olan avtomobillərə maraq isə artmağa doğru gedir.

Bu barədə TurkicWorld-a açıqlamasında avtomobil sahəsi üzrə ekspert Elman Məmmədov məlumat verib.

Ekspertin fikrincə, bazarda müşahidə olunan tendensiyalara bir neçə əsas amil təsir edir. İlk növbədə, bu, ictimaiyyətin avtomobillərə olan güvən meyarı ilə bağlıdır. Məmmədov hesab edir ki, bu güvəni daha çox avtomobil ehtiyat hissələri satıcıları və ustalar formalaşdırır.

“Ustalar və ehtiyat hissələri dükanları yeni avtomobillərə nisbətən ikinci əl avtomobillərdən daha çox qazanc əldə edirlər. Çünki yeni avtomobillər 2-5 il ərzində əsaslı təmirə ehtiyac duymur. Bu səbəbdən onlar ikinci əl avtomobillərin bazarda qalmasında maraqlıdırlar”- deyə ekspert bildirib.

Ekspert əlavə edib ki, hazırda ölkəyə əsasən Amerika və Koreya bazarından ikinci əl, Çindən isə yeni avtomobillər idxal olunur. Avropa avtomobillərinin idxalı isə avro məzənnəsinin yüksəkliyi və yüksək mühərrik həcmi səbəbilə minimal səviyyədədir.

Ekspertin sözlərinə görə, şəxsi vəsaiti ilə avtomobil ala biləcək insanlar daha çox 30 yaşdan yuxarı şəxslərdir və bu yaş qrupuna daxil olanlar əsasən, daxili yanma mühərrikli Alman avtomobillərinə üstünlük verirlər. Bu təmayül isə yeni, xüsusilə Çin istehsalı olan avtomobillərə marağı müəyyən qədər məhdudlaşdırır.

Lakin bazarda dəyişikliklər də müşahidə olunur. Ekspert bildirir ki, əvvəllər yüksək faizli və ağır kredit şərtləri alıcıları yeni avtomobillərdən çəkindirirdisə, bu gün rəsmi dilerlər daxili kreditlər təklif edir və şərtlər daha əlverişli olub.

“Yeni avtomobillərin faizlə satışı artmaqda davam edir. Daim gömrükdə olduğum üçün də müşahidələrim bunu təsdiqləyir. Əvvəllərlə müqayisədə ölkəyə daxil olan yeni avtomobillərin sayı ikinci əlləri üstələyir”- deyə Məmmədov vurğulayıv

Elman Məmmədovun verdiyi məlumata görə, son 6 ayda Azərbaycana təxminən 52 min avtomobil idxal olunub. Halbuki, bu rəqəm bir neçə il əvvəl illik göstərici idi. Ekspert bu artımı həm güzəştli vergi siyasəti, həm də uyğun qiymət siyasəti ilə əlaqələndirir.

“Hibrid avtomobillər əlavə dəyər vergisindən azaddır. Bu isə avtomobilin qiymətində 4-5 min manat fərq yaradır. Beləliklə, 25-30 min manatlıq yeni avtomobilin qiyməti 20-25 minə düşür və bu, orta gəlirli ailələr üçün əlçatan olur”- deyə o bildirib.

Məmmədov bildirir ki, ƏDV güzəştinin qüvvədə olduğu son tarix 2026-cı il yanvarın 1-dir. Əgər həmin tarixdən sonra güzəşt ləğv edilərsə, ikinci əl avtomobil bazarında yenidən canlanma baş verə bilər.

“Yeni avtomobillərlə müqayisədə gömrük rüsumlarında 4-5 min manatlıq fərq olduğuna görə, bu fərq ikinci əl avtomobilləri daha cəlbedici edə bilər. Növbəti ildən bu seqmentdə artım mümkündür” - deyə ekspert qeyd edib

Seçilən
72
turkic.world

1Mənbələr