AZ

Orban: “Ukrayna Rusiya ilə müharibədə uduzur, vaxt onun tərəfində deyil” - ÖZƏL

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukrayna Rusiya ilə müharibədə uduzmaqda davam edir və zaman onun xeyrinə işləmir. Olaylar.az xəbər verir ki, bu fikirləri o, Macarıstanın "Kossuth" radiostansiyasının səhər proqramında çıxışı zamanı səsləndirib.
"Vaxt Ukraynanın tərəfində deyil. Bu, bir il əvvəl də belə idi, indi də belədir," - deyə Orban qeyd edib. O xatırladıb ki, 2024-cü ilin iyul ayında Kiyevdə olub və Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə sülh razılaşması üçün vasitəçilik təklif edib.
Onun sözlərinə görə, ötən il atəşkəsə nail olmaq üçün daha əlverişli şərait var idi, lakin indi Ukrayna üçün Rusiyayla sülhə nail olmaq daha çətindir. Orban vurğulayıb ki, o, Zelenskiyə bu müharibənin ya artıq uduzulduğunu, ya da bir neçə saniyə içində uduzulacağını anlatmağa çalışıb: "Vaxt onların tərəfində deyil, çünki heç kim nüvə dövləti üzərində qələbə çalmayıb".
Orban deyib ki, Ukrayna sülhə açıq olmalı idi, lakin təklifi qəbul etməyərək imtina edib: "Bunun bədəlini biz - macarlar yox, məhz ukraynalılar ödəyir. Macarıstan əlindən gələni etdi, amma sonda hər kəs öz taleyinin memarıdır".
Qeyd edək ki, 2024-cü ilin iyul ayında Orban Kiyev və Moskvaya sülhməramlı missiya ilə səfər edib. O, əvvəlcə Zelenskiyə, daha sonra isə Rusiya Prezidenti Vladimir Putinə atəşkəsin elan olunması və danışıqlara hazırlığın başlanması təklifini irəli sürüb. Səfərin sonunda o bildirmişdi ki, həm Ukrayna, həm də Rusiya qarşı tərəfin atəşkəsdən öz maraqları naminə, o cümlədən ordunu yenidən qruplaşdırmaq və yeni hücumlara hazırlaşmaq üçün istifadə edəcəyindən ehtiyatlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
olaylar.az

1Mənbələr