“Mən onun tərəfdarıyam ki, babamın mahnılarını olduğu kimi oxusunlar. Məndən icazə almağa da ehtiyac yoxdur. Düzdür, bir çox müğənnilər mahnının mətnini dəyişirlər. Gərək söz yazarı həmin müğənnilərə irad tutsun. Tamaşaçı da müqayisə edir və görür ki, o müğənnilər Mirzə Babayev kimi oxuya bilmirlər. Ona görə də orijinal versiyaya üstünlük verirlər. Mənim həmin müğənnilərə heç bir iradım yoxdur. Qiyməti onsuz da tamaşaçı, dinləyici verir”
Bunu Moderator.az -a açıqlamasında görkəmli sənətkar, xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev deyir. O daha sonra babasının “O olmasın, bu olsun” filmində Məşədi İbad roluna çəkilməməsinin səbəblərindən danışıb:
“Bu haqda daha dəqiq məlumatım yoxdur. Hüseyn Seyidzadə onu sınaq çəkilişlərinə çəkmişdi, sonra necə oldusa rol almadı. Amma Məşədi İbadın roluna “prob” olunmuşdu. Filmin baş operatoru Əlisəttar Atakişiyev son anda Əliağa Ağayevin oynadığı tamaşaya baxır, onu da rola təklif edir. Hüseyn Seyidzadə son qərarını Əliağa Ağayevin üzərində saxlayır. Həm də deyilənə görə, səhv etmirəmsə yuxarıdan razılıq verilməmişdi. Amma buna baxmayaraq Məşədi İbadın bütün parçalarını o ifa edir” deyə Emin Babayev bildirib.