Ajans.az xəbər verir ki, UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Şaxtyor Donetska 4:2 hesabı ilə məğlub olan Beşiktaş-ın baş məşqçisi Ole Gunnar Solskjaer, daha yaxşı müdafiə etməli olduqlarını bildirib. Matçdan sonra keçirilən mətbuat konfransında çıxış edən Solskjaer bunları deyib: "Çətin oyun oldu, məyus olduq. Ən çox da buraxdığımız 4 qola görə üzgünəm. Daha yaxşı müdafiə etməli idik. Yaxşı imkanlar əldə etdik, oyunun sonuna yaxın ritm tutduq, amma əlavə dəqiqələrdə oyun dayandı və bu səbəbdən son 5 dəqiqəni yaxşı dəyərləndirə bilmədik. 3:2 ikinci oyun üçün çətin bir hesab idi, 4:2 isə daha da çətin oldu. Son qolu buraxmamalı idik. O qol bizim üçün böyük məyusluq oldu." Norveçli baş məşqçi müdafiənin oyunda zəif olduğunu da vurğulayıb: "Komanda daxilində atmosfer yaxşı idi. Futbolçular bir-birini sevir, meydanda bir-birini dəstəkləyirlər. Bu baxımdan problem yoxdur. Bu gün səviyyəsi yüksək olan bir rəqibə qarşı oynadıq. Bu, həlledici amil oldu. Şaxtyor Donetsk uzun illərdir Braziliyadan böyük istedadlar gətirir. Onların yaxşı bir baş məşqçiləri də var." "Növbəti oyun bizim üçün çətin olacaq. Amma ümidi və inamımız var. İlk qolu vurmaq məcburiyyətindəyik. Analizi yaxşı aparacağıq. Müdafiəmiz bu gün çox zəif idi. Sadə qollar buraxdıq. Əhəmiyyətli anlarda konsentrasiya itirdik. Rəqibimiz də yüksək səviyyədə futbol oynadı. Buraxdığımız son qol sanki üzümüzə vurulmuş bir yumruq kimi idi. Bu gün zəif və pis bir müdafiə etdik."