Rusiyada hökumət demoqrafik böhrana qarşı çıxış yolları axtarır. Artıq bu məsələyə siyasi və ideoloji təbliğat səviyyəsində yanaşılır. Ölkə daxilində qeyri-slavyan etnik qrupların artımı və rus xalqının sayının azalması Kremlin narahatlıq doğuran əsas mövzularından birinə çevrilib.
Editor.az Minval.az-a istinadla xəbər verir ki, Rusiya dövlətinə yaxın dairələr bu problemin həlli üçün qeyri-rəsmi ideoloji xətt müəyyənləşdiriblər.
Bu ideyanın əsas müdafiəçilərindən biri – tanınmış filosof, “Tsarqrad” İnstitutunun rəhbəri və “Putinist təbliğatçı” kimi tanınan Aleksandr Duqindir.
Duqinin “xilas planı”: ənənəyə dönüş, şəhərlərin transformasiyası və miqrasiya qadağası
Aleksandr Duqin rus xalqının demoqrafik yoxa çıxmasının qarşısını almaq üçün üç əsas istiqamət təklif edir:
-
Ənənəvi həyat tərzinə dönüş: Duqinin fikrincə, modernləşmə cəmiyyətin çöküşünə səbəb olur. O, dini dəyərlərin gücləndirilməsi, erkən nikahların təşviqi, abort və boşanmalara qadağa, çoxuşaqlılığın isə norma kimi qəbul edilməsini təklif edir. Ona görə, yalnız bu şəkildə rus xalqının sayını artırmaq mümkündür.
-
Şəhər mühitinin transformasiyası və “şəhərlərin üfüqi inkişafı”: Duqin hündürmərtəbəli binalardan imtinanı və kənd mənşəli ailələrin şəhər mühitində tədricən assimilasiya olunmasının qarşısını almağı təklif edir. O bildirir ki, şəhərlər genişlikdə inkişaf etməlidir: “Bizim torpağımız çoxdur.”
-
Əmək miqrasiyasının tam dayandırılması: Duqin iddia edir ki, əgər ruslar yox olmasa da, “başqaları” onlara bu işdə “kömək edəcək”. Bu fikirlə o, əmək miqrasiyasının rus xalqının süqutunu sürətləndirdiyini düşünür. Duqin miqrantların əvəzləyici deyil, dağıdıcı güc olduğunu bildirir: “Əgər biz rus xalqını qoruyub saxlamaq istəyiriksə, miqrasiyanı sıfıra endirməliyik.”
Çin faktoru və real təhlükə
Duqin həmçinin Çinin təsirindən ehtiyatlanır. Onun fikrincə, çinlilər artıq Rusiya cəmiyyətinə o qədər dərindən nüfuz ediblər ki, bu prosesin qarşısını almaq uzun illər və çoxsaylı dövlət proqramları tələb edir. Əgər Orta Asiyadan gələn miqrantlar əsasən xidmət sektorunda çalışırlarsa, çinlilər daha strateji mövqelərə yerləşiblər.
“Rusiya ruslar üçün” – köhnə nasist tezisi yenidən gündəmdə
Rusiya prezidenti Vladimir Putin tez-tez ölkənin çoxmillətli olduğunu vurğulasa da, Duqin açıq şəkildə “Rusiya ruslar üçündür” ideyasını təbliğ edir. Bu isə Rusiya cəmiyyətində yeni bir ideoloji təbəqələşmənin formalaşmaqda olduğunu göstərir.
Ekspertlər bildirirlər ki, təkcə miqrantları ölkədən göndərməklə və ya “ənənəvi dəyərlər”i zorla tətbiq etməklə demoqrafik böhran həll edilə bilməz. Rusiya bu problemi köklü sosial-iqtisadi islahatlarla həll etməsə, Duqinin təklifləri yalnız radikal millətçiliyin alovlanmasına xidmət edə bilər.